16.10.2026 14:39
263
Siyasət
A
"Gürcüstan hökumətini artıq maliyyələşdirmirik, lakin əhaliyə dəstəyimizi davam etdiririk" | Aİ 38 milyon avro ayıracaq

Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün müxtəlif layihələrin maliyyələşdirilməsinə 38 milyon avro ayıracaq.

AKtual.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin yaydığı bəyanatda bildirilib.

Nümayəndəliyin məlumatına görə, Gürcüstanda demokratik proseslərin geriləməsi səbəbindən Avropa İttifaqı artıq Gürcüstan hökumətini maliyyələşdirmir, lakin ölkə əhalisinə dəstəyini davam etdirir.

Avropa İttifaqının maliyyələşdirəcəyi layihələrin istiqamətləri:

  • Kiçik şəhər və qəsəbələrdə iqtisadi imkanların yaradılması;

  • Dəyişən əmək bazarının tələblərinə uyğun bacarıqların inkişaf etdirilməsi;

  • Qadınların da iştirakı ilə kənd və regionların sosial-iqtisadi inkişafı;

  • Bazarlara çıxış imkanlarının yaxşılaşdırılması və ərzaq məhsullarının keyfiyyətinin artırılması;

  • Qadınlara və qızlara qarşı zorakılıqla mübarizə;

  • Təhlükəsiz və nizamlı miqrasiyanın təşviqi;

  • İqlim dəyişikliyinə uyğunlaşma və təbii fəlakətlərə hazırlıq;

  • Abxaziyada yaşayan icmalara dəstəyin davam etdirilməsi.

Bəyanatda deyilir:

“Avropa İttifaqı 30 ildən artıqdır ki, Gürcüstan əhalisini dəstəkləyir.

1992-ci ildən etibarən Avropa İttifaqı Gürcüstanın inkişafına dəstək məqsədilə 2 milyard avrodan çox investisiya yatırıb. Bu investisiyalar kənd təsərrüfatının inkişafı, regionlarda yaşayan əhaliyə öz biznesini qurmaqda yardım, havanın keyfiyyətinin yaxşılaşdırılması və bir çox digər istiqamətlərlə yanaşı, Şərq-Qərb sürətli avtomobil magistralının modernləşdirilməsinə dəstək kimi sahələri əhatə edib.

Gürcüstanda demokratik proseslərin geriləməsi səbəbindən Avropa İttifaqı artıq Gürcüstan hökumətini maliyyələşdirmir, lakin ölkə əhalisinə dəstəyimizi davam etdiririk.

Bu səylərə sadiqliyimizi bir daha təsdiqləyirik. 2026-cı ildə Avropa İttifaqı yeni layihələrin həyata keçirilməsi üçün 38 milyon avro məbləğində maliyyə ayıracaq. Bununla da Gürcüstanın hər yerində ailələr və icmalar üçün real və müsbət dəyişikliklərin həyata keçirilməsinə dəstək verəcək”.

Bəyanatda maliyyələşdiriləcək layihələrin yuxarıda sadalanan səkkiz istiqaməti əhatə edəcəyi qeyd olunur.

ŞƏRH YAZ
0