Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Giorgi Zakaraşvilini qəbul edib.
Aktual.ge xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
İlham Əliyev səfirlə söhbət edib və bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıb.
Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixinin və böyük gələcəyinin olduğunu deyən İlham Əliyev iki müstəqil dövlət kimi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğuladı, xalqlarımızın qardaşlıq əlaqələrinin olduğunu bildirib.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Qəbula görə minnətdarlığını bildirən Giorgi Zakaraşvili qardaş Azərbaycana səfir təyin olunmasından və dövlət başçısı ilə görüşdən böyük şərəf hissi duyduğunu deyib.
Səfir Gürcüstan-Azərbaycan strateji tərəfdaş, xalqlarımızın isə bir-birinə yaxın olduqlarını vurğulayıb.
O, fəaliyyəti dövründə Azərbaycanla Gürcüstan arasında tarixən mövcud əməkdaşlığı daha da genişləndirilmək üçün səylərini əsirgəməyəcəyini bildirib.
Söhbət zamanı siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib
Gürcüstan-Azərbaycan enerji və nəqliyyat sahələrində həyata keçirdikləri birgə layihələrə toxunulub, onların yalnız regional deyil, eyni zamanda, qlobal səviyyədə mühüm əhəmiyyət daşıdıqları vurğulanıb.
