Bu gün, 26 oktyabr Marneuli Meriyasında bir sıra yüksək vəzifələrə yeni təyinatlar həyata keçirilib, siyasi fəal Əhməd İmamquliyev təyinatlarla bağlı sosial şəbəkədə paylaşım edərək yerli azərbaycanlıların rəhbər vəzifələrdə təmsil olunmamasını tənqid edib.
Aktual.ge xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb:
“Gözünüz aydın, əziz Marneuli bələdiyyəsində yaşayan xalqımız! Xüsusən də ‘Gürcü Arzusu’ üçün dəridən-qabıqdan çıxan, 20-30 lariyə saxtakarlıq edərək səs yığan millətimizin bəzi üzvləri, sizin gözünüz ikiqat aydın olsun.
Deməli, Marneuli bələdiyyəsinin meriyasında bu gün beş nəfər yüksək vəzifəyə təyin olunub: Vaxtanq Nadiradze merin üçüncü müavini, David Qoksadze Şəhərsalma, Məkan Planlaşdırılması, Memarlıq və Tikinti Xidmətinin rəhbəri, Giorgi Nemsadze İnfrastruktur Tikintisi və İnkişaf Prosesinin Planlaşdırılması Şöbəsinin rəhbəri, Qriqol Bolkvadze İnfrastruktur və İqtisadi İnkişaf Xidmətinin rəhbəri və Beso Nijaradze Daxili Audit Xidmətinin rəhbəri.
Buradan Marneulinin saxtakarlıqla təyin olunmuş meri Daur İsmailova, Gürcüstan parlamentində oturan lal-kar-kor marionet millət vəkili Zaur Darğallıya və Marneuli bələdiyyəsində olan yerli deputatlara səslənirəm:
Marneuli bələdiyyəsində sayı yüz mindən çox olan Borçalı türklərinin arasında 10-15 nəfər savadlı adam yoxdurmu ki, içlərindən 2-3 nəfər seçib bu yüksək vəzifələrə təyin edəsiniz?
Heç nə demirəm, əməyiniz puç olsun! Necə ki, bizim ali təhsilli gənclərimizin illərdir verdiyi əməyi puç edirsiniz”.