Daxili İşlər Nazirliyi (DİN) Poti şəhərində baş vermiş qətllə bağlı məlumat yayıb.
Aktual.ge xəbər verir ki, qurumun məlumatına görə, həyat yoldaşını aralarında yaranan mübahisə zəminində boğaraq öldürən kişi cinayətin izləri təzə ikən saxlanılıb.
Bildirilib ki, onu 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
“Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları ağırlaşdırıcı hallarda ailə üzvünü qəsdən öldürməkdə ittiham olunan bir nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 25 oktyabr tarixində aralarında yaranan mübahisə zəminində həyat yoldaşını boğaraq öldürüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi hadisədən dərhal sonra saxlayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 11¹-109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - məlumatda deyilir.