Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitini dəfələrlə dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunan, əvvəllər də eyni cinayətə görə məhkum edilmiş bir şəxsi saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Məlumatda deyilir:
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bir vətəndaşa iki avtomobil satıb və bunun müqabilində pulun hamısını alıb. Avtomobillər alıcının adına rəsmiləşdirildikdən sonra təqsirləndirilən şəxs onları 10 günlük müddətə, icarəyə vermək və əldə olunan gəliri bölüşdürmək şərti ilə geri götürüb. Lakin razılaşmanın şərtlərini pozaraq hər iki avtomobili başqa şəxslərə satıb.
Bu cinayət əməli nəticəsində zərərçəkənə 49 500 lari məbləğində maddi ziyan dəyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə aparılır. Həmin maddə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - məlumatda deyilir.