Daxili İşlər Nazirliyinin Baş Müfəttişlik Departamentinin əməkdaşları həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dələduzluq ittihamı ilə bir vəkili saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, kompleks tədbirlər, o cümlədən gizli istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, vəkil müdafiə etdiyi məhkumun bacısından aldadıcı yollarla 10 000 lari tələb edib.
İttihama əsasən, vəkil qadına həmin vəsaiti Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşlarına verəcəyini və bunun müqabilində qardaşının işi üzrə prosessual razılaşmanın əldə olunmasına nail olacağını vəd edib.
Bundan əlavə, vəkil məhkumun bacısından daha 100 000 lari tələb edib. O, qadına bildirib ki, bu məbləğin 40 000 larisi prokurorluğa veriləcək və bunun müqabilində daha əlverişli şərtlərlə prosessual razılaşma əldə olunacaq. Qalan 60 000 larinin isə dövlət büdcəsinə köçürüləcəyini deyib.Məlumata görə, məhkumun ailə üzvü məsələnin həll olunacağına inanaraq vəkilə 10 000 lari verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları vəkili təqsirləndirilən şəxs qismində saxlayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsinin ikinci hissəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.