Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılov bir neçə gün əvvəl azadlığa buraxılıb.
Aktual.ge xəbər verir ki, Kənan İsmayılov bu il aprelin 7-də Marneulidə bir iş adamına qarşı qrup halında zorakılıq ittihamı ilə saxlanılıb.
İstintaqın versiyasına görə, o, maskalı şəxslərlə birlikdə iş adamına hücum edib.
İş materiallarında hadisənin biznes maraqları zəminində baş verdiyi iddia olunur. Yerli sakinlər İsmayılovların ətrafının çörəyin qiymətini süni şəkildə artırmağa çalışdığı və sahibkarlara təzyiq göstərdiyi barədə iddialar səsləndiriblər.
İyulun 19-da Bolnisi Rayon Məhkəməsi Kənan İsmayılovu 7 ay müddətinə azadlıqdan məhrum edib. Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin ikinci hissəsi ilə ittiham olunan şəxsə 3 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur.