“Konstitusiya Məhkəməsində avtokratik rejimin rəsmiləşdirilməsi prosesi yekunlaşır - 'Gürcü Arzusu' siyasi fəaliyyət və siyasi dialoq üçün artıq heç bir imkan saxlamır”.
Aktual.ge xəbər verir ki, bunları “Vahid Milli Hərəkat” partiyasının liderlərindən biri Levan Bejaşvili jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Seçki Məcəlləsinə edilən dəyişikliklər və siyasi partiyaların maliyyələşdirilməsinin qanunsuz dayandırılması fonunda hakim komandanın legitim olmaması beynəlxalq səviyyədə də təsdiqlənib.
“ 'Gürcü Arzusu' 2024-cü il parlament seçkilərini saxtalaşdırdıqdan sonra hakimiyyəti qəsb edib. Hakimiyyətin legitim olmaması beynəlxalq səviyyədə də möhkəmlənib. Belə ki, Seçki Məcəlləsinə müşahidəçi təşkilatların faktiki olaraq seçki müşahidə missiyalarını həyata keçirməsini qadağan edən dəyişikliklər edilib, siyasi partiyalar ləğv olunur, siyasi partiyaların maliyyələşdirilməsi qanunsuz olaraq dayandırılıb.
Ümumilikdə, İvanişvili bu ölkədə siyasəti məhv etmək üçün əlindən gələni edib. Konstitusiya Məhkəməsində avtokratik rejimin rəsmiləşdirilməsi - avropayönümlü siyasi partiyaların ləğvi prosesi yekunlaşır. Təbii ki, 'Gürcü Arzusu' siyasi fəaliyyət və siyasi dialoq üçün artıq heç bir imkan saxlamır. Buna görə də, ölkədə demokratik quruluş bərpa olunana qədər bu cür bəyanatlar və fikirlər çox olacaq”, – deyə o, qeyd edib.