Tbilisidə Azərbaycan Universitetlərinin təhsil sərgisi keçiriləcək
Bugün
40
Mədəniyyət
A
Tbilisidə Azərbaycan Universitetlərinin təhsil sərgisi keçiriləcək

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi, “Study in Azerbaijan” layihəsinin təşkilatçılığı ilə 17 noyabr 2026-cı il tarixində Tbilisi şəhərində Azərbaycan Universitetlərinin təhsil sərgisi keçiriləcək.

Bu barədə Aktual.ge xəbər portalına Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, sərginin keçirilməsində əsas məqsəd Gürcüstanda yaşayan şagirdlərin, abituriyentlərin, tələbələrin və valideynlərin Azərbaycanın ali təhsil sistemi, universitetləri, tədris proqramları, ixtisaslar və qəbul imkanları barədə məlumatlandırılması, eləcə də Azərbaycan universitetləri ilə birbaşa tanışlıq imkanlarının yaradılmasıdır.

"Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın 10-dan çox aparıcı universitetinin nümayəndələri ilə görüşmək imkanı əldə edəcəklər. Onlar universitetlərdə tədris olunan ixtisaslar, qəbul qaydaları, təhsil və təqaüd imkanları, eləcə də tələbə həyatı haqqında ətraflı məlumat ala, maraqlandıran sualları birbaşa universitet nümayəndələrinə ünvanlaya biləcəklər.

Sərgi 17 noyabr tarixində, saat 10:00-dan 18:00-dək Tbilisidə yerləşən 'Swissôtel Tbilisi' hotelində keçiriləcək.

Gürcüstanda yaşayan və Azərbaycanda ali təhsil almaq imkanları ilə maraqlanan bütün şəxsləri sərgidə iştirak etməyə dəvət edirik" , – məlumatda bildirilir.

ŞƏRH YAZ
1