Noyabrın 24-ü günün sonundan noyabrın 26-sı səhər saatlarınadək Qərbi Gürcüstanda, eləcə də Samtsxe-Cavaxeti və Mtsxeta-Mtianeti bölgələrində fasilələrlə güclü intensivlikli yağıntı gözlənilir.
Aktual.ge xəbər verir ki, bu haqda Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, bəzi ərazilərdə şimşək çaxması, dağlıq ərazilərdə bəzi yerlərdə güclü qar, duman, çovğun, yollarda buzlanma, yüksək dağlıq ərazilərdə isə qar uçqunu təhlükəsi mümkündür. Dənizdə 4-5 ballıq fırtına gözlənilir. Ölkə ərazisinin əksər hissəsində, o cümlədən paytaxt Tbilisidə güclü qərb küləyi əsəcək.
“Gözlənilən güclü yağıntılar Qərbi Gürcüstanın çaylarında və onların qollarının aşağı axınında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, Acara və Quriyanın kiçik çaylarında daşqınlara, dağətəyi və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə, şəhər yaşayış məntəqələrində isə ayrı-ayrı ərazilərin su altında qalmasına səbəb ola bilər.
Dağlıq ərazilərdə güclü qar, çovğun, görünüş məsafəsinin pisləşməsi və buzlanma, yüksək dağlıq ərazilərdə isə əlavə olaraq qar uçqunu təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər (təhlükə səviyyəsi – orta)”, – deyə məlumatda bildirilir.