Bolnisidə baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olur.
Aktual.ge xəbər verir ki, 42 yaşlı qadın 7 yaşlı oğlunu bıçaqla qətlə yetirib, daha sonra isə intihara cəhd edib. O, bıçaqla özünə xəsarətlər yetirsə də, həkimlər onun həyatını xilas edə biliblər.
Qan donduran hadisə Bolnisi bələdiyyəsinin Dəmirli (Xaxalajvari) kəndində baş verib.
Digər bir məlumata görə, qətlə yetirilən 7 yaşlı oğlan Farux Əhmədovdur, cinayəti törətməkdə ittiham olunan ana isə Azərbaycan vətəndaşı Svetlana Əhmədovadır.
Mövcud məlumatlara görə, hadisədən sonra ailə üzvləri baş verənləri gizlətməyə çalışsalar da, məlumat tezliklə üzə çıxıb.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, qadın saxlanılıb. İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsi üzrə aparılır ki, ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə cinayətini nəzərdə tutur.
Bununla yanaşı, məlumata əsasən, qadının psixi problemlərinin olduğu bildirilir.