İt sığınacağına görə Qızılhacılıda narahatlıq | Sakinlər hansı təhlükələrdən danışır, ictimaiyyət və mer nələr söyləyir? - VİDEO
02.06.2026 22:18
484
Hadisə
A
İt sığınacağına görə Qızılhacılıda narahatlıq | Sakinlər hansı təhlükələrdən danışır, ictimaiyyət və mer nələr söyləyir? - VİDEO

Kvemo Kartlidə sahibsiz itlər problemi illərdir ciddi narahatlıq doğuran məsələlərdən biridir. Demək olar ki, hər kəs Marneulinin küçələrində də sahibsiz itlərlə qarşılaşıb. Bu heyvanların mövcudluğu yalnız onların ağır şəraitdə yaşaması və həyatlarının daim təhlükə altında olması baxımından deyil, həm də müxtəlif yoluxucu xəstəliklərin daşıyıcısı ola bilmələri səbəbindən problem yaradır.

Sahibsiz itlər probleminin həlli məqsədilə 2019-cu ildə heyvan sığınacağının tikilməsi məsələsi gündəmə gəlmiş və sığınacağın Rustavi şəhərində inşa olunacağı açıqlanmışdı. Bu günlərdə isə məlum olub ki, sığınacağın tikintisi üçün Marneuli bələdiyyəsinin Qızılhacılı kəndi ərazisi seçilib.

Marneulidə bir çox sakinlər, xüsusilə də sığınacağın regional səviyyədə fəaliyyət göstərəcək obyekt kimi nəzərdə tutulmasını birmənalı qarşılamırlar. Onlar antisanitar vəziyyətin yaranacağından, yay aylarında xoşagəlməz qoxuların yayılacağından və müxtəlif xəstəliklərin artması riskindən narahat olduqlarını bildirirlər. Sığınacağın tikilməsi planlaşdırılan əraziyə yaxınlıqda yaşayan sakinlər isə layihənin həyata keçirilməsinin qarşısını almaq üçün qanun çərçivəsində əllərindən gələni edəcəklərini qeyd ediblər.

Marneulinin ən böyük kəndlərindən biri olan, 10 mindən çox sakinin yaşadığı Qızılhacılı kəndinə də üz tutduq. Kənd sakinlərinin mövqeyini öyrənmək üçün onlara mikrofon uzatdıq. Sakinlər Qızılhacılıda tikilməsi planlaşdırılan it sığınacağı təşəbbüsünü birmənalı qarşılamadıqlarını bildirərək, kəndin daha ciddi və qlobal problemlərinin gündəmə gətirilməsinin vacibliyini vurğulayıblar.

Qızılhacılı sakinləri nümunə olaraq Goda ərazisində fəaliyyət göstərən donuz fermasını göstərirlər. Onların sözlərinə görə, ferma yaşayış məntəqəsindən uzaqda yerləşməsinə baxmayaraq, qoxu Candar qəsəbəsində, hətta Marneuli şəhərinin mərkəzində belə hiss olunur.

Sakinlər hesab edirlər ki, it sığınacağının yaşayış məntəqələrinə yaxın məsafədə və yüksək ərazidə inşa olunması gələcəkdə qoxunun ətraf yaşayış məntəqələrinə yayılması riskini artıra bilər.

Qızılhacılı kəndindən olan din xadimləri də it sığınacağının məhz kəndin yaxınlığındakı Qaradağ adlanan ərazidə inşa edilməsini məqsədəuyğun hesab etmədiklərini bildiriblər. Onlar bu qərarın yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıblar.

Marneuli meri Daur İsmayılov isə bildirib ki, it sığınacağı müasir standartlara uyğun şəkildə inşa olunacaq və ətraf mühitə mümkün təsirlərin minimuma endirilməsi üçün bütün zəruri tədbirlər görüləcək.

Məsələyə müxalifətdə kəskin reaksiya verib və sığınacağın Marneulinin Qızılhacılı ərazisində tikilməsi planlaşdırılmasını tənqid ediblər. Onların fikrincə, belə bir obyekt yaşayış məntəqələrindən daha uzaq ərazidə yerləşdirilməlidir.

Qeyd edək ki, 2019-cu ildə Marneuli merinin müavini olmuş Zaur Tabatadze heyvan sığınacağının Rustavidə tikiləcəyi ilə bağlı məlumat vermişdi.

Hazırda isə layihənin Marneulidə inşasına başlanma tarixi və tamamlanma müddəti hələ müəyyən edilməyib.

Daha ətraflı Salo Salahlının video süjetini təqdim edirik:

ŞƏRH YAZ
8