Məscid axundu çağırış etdi | Qızılhacılıda it sığınacağı ətrafında narahatlıqlar səslənir
Bugün
530
Siyasət
A
Məscid axundu çağırış etdi | Qızılhacılıda it sığınacağı ətrafında narahatlıqlar səslənir

Marneuli Meriyasının Qızılhacılı kəndi ərazisində it sığınacağı tikilməsi qərarı ətrafında narahatlıq davam edir.

Aktual.ge xəbər verir ki, Qızılhacılı İmam Həsən (ə.s) Məscidinin axundu Fuad İsayev kənd ərazisində it sığınacağının qəti olmaması gərəkdiyini vurğulayıb.

O, Qızılhacılını sevən insanları kənddə it sığınacağının tikintisi məsələsinə laqeyd qalmamağa çağırıb.

"Kəndini, elini və gələcək nəsillərin sağlamlığını düşünən heç bir insan yaşayış məntəqəsinin yaxınlığında regional səviyyəli it sığınacağının tikilməsinə laqeyd yanaşa bilməz. Məsələ heyvanlara qarşı mərhəmətsizlik deyil. Əksinə, sahibsiz heyvanların qorunması və onlara qayğı göstərilməsi hər bir cəmiyyətin humanist borcudur. Lakin bu cür iri həcmli layihələr həyata keçirilərkən həm insanların, həm də heyvanların mənafeyi nəzərə alınmalıdır",  - deyə Fuad İsayev qeyd edib.

Qızılhacılı kəndinin daha vacib problemləri olduğunu qeyd edən Məscidin axundu yazıb:

"Biz demirik ki, bu sığınacaq inşa edilməsin. Biz deyirik ki:

1. Bu gün bölgəmizin daha vacib və təxirəsalınmaz problemləri mövcuddur və ilk növbədə həmin məsələlərin həllinə diqqət ayrılmalıdır.

2. Regional əhəmiyyət daşıyan bu sığınacağın məkanı Qızılhacılı olmamalıdır. Belə obyektlər yaşayış məntəqələrindən kifayət qədər uzaq, xüsusi ayrılmış ərazilərdə inşa edilməlidir.

Regional sığınacaq təkcə bir kəndin və ya bir qəsəbənin heyvanlarını deyil, geniş bir ərazidən gətiriləcək yüzlərlə, bəzən minlərlə heyvanı əhatə edir. Bu isə gələcəkdə sanitar-gigiyenik problemlər, xoşagəlməz qoxular, səs-küy, təhlükəsizlik riskləri və ekoloji narahatlıqlar yarada bilər. Belə obyektlərin yaşayış məntəqələrinin yaxınlığında yerləşdirilməsi kəndin inkişaf perspektivlərinə, torpaq və əmlak dəyərlərinə, eləcə də insanların rahat həyat şəraitinə mənfi təsir göstərə bilər.

Dünyanın bir çox ölkələrində bu tip regional sığınacaqlar məhz yaşayış məntəqələrindən uzaq, xüsusi ayrılmış ərazilərdə inşa edilir. Bu yanaşma həm əhalinin rahatlığını təmin edir, həm də heyvanların daha münasib şəraitdə saxlanılmasına imkan yaradır".

Fuad İsayev hər kəsin bu məsələdə səsini çıxarmasını və ictimai rəyin aidiyyatı qurumlar tərəfindən nəzərə alınmalı olduğunu ifadə edib:

"Biz heyvanların müdafiəsinin əleyhinə deyilik. Lakin hesab edirik ki, regional əhəmiyyət daşıyan it sığınacağı insanların sıx yaşadığı kənd və qəsəbələrdə deyil, yaşayış məntəqələrindən kifayət qədər uzaq, bu məqsəd üçün ayrılmış boş ərazilərdə tikilməlidir.

Kəndimizin taleyi, sakinlərin təhlükəsizliyi və gələcək inkişafı ilə bağlı məsələlərdə hər kəsin səsi eşidilməli, ictimai rəy nəzərə alınmalıdır. Bu, hər bir vətəndaşın ən təbii haqqıdır".

Qeyd edək ki, 2019-cu ildə Marneuli merinin müavini olmuş Zaur Tabatadze heyvan sığınacağının Rustavidə tikiləcəyi ilə bağlı məlumat vermişdi. Bu günlərdə isə məlum olub ki, Marneuli Meriyası it sığınacağının Qızılhacılıda tikiləcəyi ilə bağlı qərar qəbul edib.

ŞƏRH YAZ
1