Avropa Parlamenti, Avropa Komissiyası və Avropa İttifaqı Şurasının nümayəndələri Aİ-dən deportasiya prosesini sürətləndirən və deportasiya olunanların sayını artıran, həmçinin miqrantların blokun xaricindəki xüsusi mərkəzlərə deportasiyasını nəzərdə tutan saziş mətnini təsdiqləyiblər.
Aktual.ge xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Qeyd olunub ki, saziş Avropa Parlamenti və Avropa Şurası tərəfindən ratifikasiya olunmasını gözləyir. Yeni qaydalar isə 12 iyunda qüvvəyə minəcək genişmiqyaslı miqrasiya islahatının bir hissəsi olacaq.
Miqrasiya üzrə komissar Maqnus Brunerin qiymətləndirməsinə görə, bu sazişlə “Avropa İttifaqına kimin daxil olduğu və kimin getməyə məcbur ediləcəyi” prosesi üzərində nəzarət bərpa olunacaq.
"Eurostat"ın məlumatına görə, hazırda miqrantların yalnız 27%-i sığınacaq mövzusunda rədd cavabı alır.
İmmiqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təşəbbüsü Avstriya, Danimarka, Almaniya və Yunanıstanın rəhbərlik etdiyi bir qrup ölkəyə məxsusdur.
Yeni Qaydaların Əsas Bəndləri
Blokdan kənar mərkəzlər: Sənədin əsas bəndi miqrantların blokun üzvü olmayan 8-10 ölkədə açılmış xüsusi mərkəzlərə deportasiyasını nəzərdə tutur. Bu, Aİ-yə daxil olmayan həmin dövlətlərlə ikitərəfli sazişlər əsasında baş tutacaq ki, bu barədə danışıqlar hələ də davam edir.
Postsovet ölkələri ilə danışıqlar: "Politico"nun məlumatına görə, bu ölkələr arasında postsovet məkanından Qazaxıstan və Özbəkistan da var.
Qeyri-demokratik rejimlərlə dialoq: Avropa Parlamenti “tanınmamış üçüncü ölkələrlə”, yəni qeyri-demokratik rejimlərlə danışıqlar aparmağa imkan verən müddəa əlavə edib. Məsələn, əfqanların məcburi geri qaytarılması məqsədilə danışıqlar hətta Talibanla da aparıla bilər.
Həbs müddətinin artırılması: Bununla yanaşı, yeni qanun saxlanma müddətinin maksimum həddini iki ilə qədər artırır və geri qaytarılan şəxslərin Avropa İttifaqına girişinə, praktiki olaraq, qeyri-məhdud qadağalar tətbiq edir.
Əsas Alət və Məhdudiyyətlər
“Geri qaytarılma haqqında reqlament” Avropa İttifaqında qalmaq üçün qanuni hüququ olmayan şəxslərin deportasiya göstəricisini artırmaq üçün əsas alət hesab olunur.
Avropa Parlamenti, həmçinin Aİ-nin təhlükəsizliyinə təhdid yaradan şəxslər üçün girişə daimi qadağa tətbiq edib. Eyni zamanda, deportasiya olunmuş miqrantların girişinə qadağanın qeyri-məhdud maksimum müddəti müəyyən edilib; halbuki Aİ ölkələri Avropa Parlamentinə 20 illik məhdudiyyət təklif edirdilər.
Məlumat üçün bildirək ki, Gürcüstan Avropa İttifaqında sığınacaq axtaranların sayına görə aparıcı ilk 20 ölkə arasındadır. 2025-ci ildə Avropada 15 mindən çox Gürcüstan vətəndaşı sığınacaq tələb edib.