Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığının uğurlu nümunəsidir.
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BTQ dəmir yolu xəttinin modernləşdirilməsindən sonra istifadəyə verilməsi mərasimində bildirib.
Baş nazir layihəni tarixi əhəmiyyətli təşəbbüs adlandıraraq, onun Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın və ardıcıl əməkdaşlığın parlaq nümunəsi olduğunu bildirib.
Onun sözlərinə görə, Marabda–Kartsaxi dəmir yolu hissəsinin yenidən qurulması regionda həyata keçirilən ən iri infrastruktur layihələrindən biridir.
İrakli Kobaxidze qeyd edib ki, BTQ xətti 2017-ci ildən etibarən test rejimində fəaliyyət göstərib və bu müddət ərzində 1 milyon tondan çox yük, o cümlədən 80 minə yaxın konteyner daşınıb.
Baş nazir vurğulayıb ki, əldə olunan nəticələr layihənin iqtisadi və logistik əhəmiyyətini bir daha təsdiqləyir: "Bakı–Tbilisi–Qars dəmir yolu xətti Orta Dəhlizin mühüm hissəsidir və Avropa ilə Asiya arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynayır".
Hökumət başçısının sözlərinə görə, həyata keçirilən modernləşdirmə işləri nəticəsində xəttin illik yükötürmə qabiliyyəti 5 milyon tona çatdırılıb ki, bu da regionun nəqliyyat və tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq.