Hökumət Marneulini Axaltsixe ilə birləşdirəcək yeni magistralın inkişafı layihəsinə başlayır
20.07.2026 15:12
451
Maraqlı
A
Hökumət Marneulini Axaltsixe ilə birləşdirəcək yeni magistralın inkişafı layihəsinə başlayır

İnfrastruktur naziri Revaz Soxadzenin sözlərinə görə, “Orta Dəhliz”in əhəmiyyətinin artması Gürcüstanın etibarlı və rəqabətqabiliyyətli tranzit tərəfdaşı kimi rolunu bir daha təsdiqləyib.

Aktual.ge xəbər verir ki, o Gürcüstanın beynəlxalq tərəfdaşlar üçün cəlbediciliyini yalnız inkişaf etmiş yol infrastrukturu müəyyən etmir, ölkənin sabitliyi, proqnozlaşdırıla bilən mühiti və etibarlılığı da ən azı bunun qədər vacibdir deyib.

“Tranzit potensialımızdan nə qədər səmərəli istifadə etsək, bu, ölkənin iqtisadi inkişafına və hər bir vətəndaşın rifahına bir o qədər müsbət təsir göstərəcək”, - deyə Revaz Soxadze bildirib.

Nazir qeyd edib ki, ölkə üzrə bir sıra mühüm yol layihələri həyata keçirilir.

Onun sözlərinə görə, cari ildə Tbilisi–Batumi sürətli avtomagistralı tam istifadəyə veriləcək. Kaxeti istiqamətində işlər fəal şəkildə davam etdirilir, həmçinin Tbilisini dövrələyən yeni yol layihəsinə start verilir. Bu layihə həm beynəlxalq tranzit hərəkəti, həm də paytaxtın nəqliyyat şəbəkəsinin yükünün azaldılması baxımından xüsusi əhəmiyyət daşıyacaq.

İnfrastruktur nazirinin sözlərinə görə, Sarpi tuneli layihəsinə də başlanılır. Kobi–Kveşeti və Qveleti–Larsi yol hissələrinin tikintisi fəal şəkildə davam edir. Bu layihələr regionun ən mürəkkəb mühəndislik layihələrindən hesab olunur.

Nazir bildirib ki, Samtredia–Zuqdidi dördzolaqlı avtomagistralının layihələndirilməsinə başlanılıb və yaxın vaxtlarda Anakliya limanını birləşdirəcək avtomobil yolunun tikintisinə də start veriləcək.

Revaz Soxadze məlumat verib ki, Baş nazirin tapşırığı ilə cənub istiqamətində Marneulini Axaltsixe ilə birləşdirəcək yeni magistralın inkişafı layihəsinə də başlanılır. Layihənin ilk mərhələsində texniki-iqtisadi əsaslandırma hazırlanacaq.

“Yol infrastrukturunun inkişafı fasiləsiz prosesdir. Müasir və təhlükəsiz nəqliyyat şəbəkəsi ölkənin iqtisadi inkişafı, rəqabətqabiliyyətliliyinin artırılması və regional rolunun gücləndirilməsi üçün əsas şərtlərdən biridir”, - deyə o bildirib.

ŞƏRH YAZ
0