İyunun 16-da Tbilisidə “Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi”nin (GASU) və “İnkişaf və Təhsil Mərkəzi”nin birgə təşkilatçılığı ilə universitet tələbələrinin iştirakı ilə “World Urban Forum Simulation” (WUF) tədbiri keçirilib.
Aktual.ge xəbər verir ki, tədbirdə Azərbaycan və Gürcüstandan olan tələbə və gənclər iştirak ediblər.
Simulyasiyanın açılışında Azərbaycanın Gürcüstandakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov, Gürcüstan Texniki Universitetinin professoru Emilia Alaverdova və “İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov çıxış edərək bu cür təşəbbüslərin tələbələrin şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıblar.
Tədbir Azərbaycanın ev sahibliyi edəcəyi “World Urban Forum 13”ə (WUF13) həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Videoçarxda forumun əhəmiyyəti və Azərbaycanda həyata keçirilən müasir şəhərsalma layihələri barədə məlumat verilib.
Simulyasiya zamanı müxtəlif ölkələri təmsil edən iştirakçılar şəhərlərin davamlı inkişafı, urbanizasiya və ekoloji dayanıqlılıq mövzularında çıxış edərək təmsil etdikləri ölkələrin mövqelərini təqdim ediblər.
Daha sonra Azərbaycanı təmsil edən Türkan Kazımlı “World Urban Forum Simulation”un məqsədləri, şəhərlərin davamlı inkişafındakı rolu və Azərbaycanın bu beynəlxalq platformadakı iştirakı barədə təqdimatla çıxış edib.
Tədbirin moderatoru Emil Allahverdiyev olub.
Forumun sonunda iştirakçıların müzakirələri əsasında xüsusi pakt qəbul edilib. Münsiflər heyətinin qərarı ilə fərqlənən iştirakçılar, o cümlədən Bayramov Cahandar və Sara İsgəndərova həvəsləndirici mükafatlarla təltif olunublar. Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “World Urban Forum” BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan, şəhərlərin davamlı inkişafı, urbanizasiya problemləri və gələcəyin şəhərlərinin formalaşdırılması istiqamətində beynəlxalq müzakirələrin aparıldığı nüfuzlu platformadır.