Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon İdarəsinin əməkdaşları nəqliyyat vasitəsi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş bir nəfəri saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Qardabani bələdiyyəsinin Martğopi kəndi yaxınlığındakı ərazidə şirkətlərdən birinə məxsus yük nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirib və hadisə yerindən qaçıb.
"Keçirilmiş istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanının əməkdaşları cinayəti törədən şəxsin şəxsiyyətini operativ şəkildə müəyyən edərək onu təqsirləndirilən şəxs qismində saxlayıblar.
Polis oğurlanmış yük avtomaşınını Ozurgeti bələdiyyəsində aşkar edərək maddi sübut kimi götürüb", – məlumatda deyilir.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin "d" bəndi ilə aparılır ki, bu da 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.