Gürcüstan Dövlət Elektrik Sistemi ölkə üzrə elektrik enerjisinin təchizatının qəza səbəbindən dayandırılması ilə bağlı məlumat yayıb.
Aktual.ge xəbər verir ki, məlumatda bildirilib ki, hazırda bərpa işləri aparılır və elektrik enerjisinin verilişi istehlakçılara mərhələli şəkildə bərpa olunur.
Bununla yanaşı, açıqlamada qeyd olunub ki, qəzanın dəqiq səbəbləri araşdırılır və yayılan versiyaların bir qisminin dezinformasiya olduğu bildirilir.
“Bu gün, təxminən saat 00:10-da ölkə üzrə elektrik enerjisinin verilişi qəza səbəbindən dayandırılıb.
Hazırda bərpa işləri aparılır. Elektrik enerjisinin verilişi istehlakçılara mərhələli şəkildə və mümkün olan ən qısa müddətdə tam bərpa olunacaq. Hazırda Mtsxeta-Mtianeti bölgəsinin və Tbilisinin böyük hissəsinin elektrik enerjisi ilə təchizatı qismən bərpa edilib.
Elektrik enerjisinin kəsilməsinin səbəbi ilə bağlı dezinformasiya yayılır. Kütləvi informasiya vasitələrini yalnız rəsmi məlumatlara əsaslanmağa və təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırırıq.
Bununla paralel olaraq, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”, - açıqlamada deyilir.