Yurtdışı Türklər və Əqrəba Topluluqları Başkanlığının (YTB) təşkilatçılığı ilə İstanbuldakı İbn Haldun Universitetində dünyanın 41 ölkəsindən 100-ə yaxın media nümayəndəsi, Türkiyədə jurnalistika və rejissorluq üzrə magistratura və doktorantura təhsili alan gənclər Media Yay Məktəbində bir araya gəlib.
Üç gün ərzində İstanbuldakı İbn Haldun Universitetində media savadlılığı, süni intellektlə məzmun istehsalı və prodüserliyi, hekayə anlatımı, media nümayəndəliyi və alqoritm strategiyaları kimi sahələrdə Fokus+ və Türkiyənin ictimai yayımçısı TRT-nin mütəxəssisləri tərəfindən təlimlər keçirilib.
100-ə yaxın gəncin Türkiyədəki bütün qonaqpərvərliyi YTB tərəfindən qarşılanıb.
Təlimlərdə tanınmış jurnalist İbrahim Qığılı təcrübəsini bölüşüb. Daha sonra Fokus Plus-ın Yayım Koordinatoru Tarık Kavraz media savadlılığı və qlobal media mövzusunda, türk mütəxəssislər Halis Battal və Ahmet Tarıl Bilge isə süni intellektlə film istehsalı üzrə praktiki məşğələlər aparıblar. Proqram TRT İdarə Heyətinin üzvü, jurnalist Məryəm İlayda Atlas Çetinin media və çağırışlar mövzusundakı təlimi ilə başa çatıb.
Daha sonra gənclər İstanbuldakı Azadlıqlar və Demokratiya Adasına bərə ilə ekskursiyaya yollanıblar. Burada YTB tərəfindən təşkil edilən “Bir hilal uğrunda: 15 iyulun 10-cu ili” tədbirinə qatılıblar. Tədbirdə çıxış edən YTB başqanı Abdulhadi Turus Türkiyənin demokratiya tarixinə malik olduğunu qeyd edib və 15 iyul gecəsi Türkiyə vətəndaşlarının demokratiyanı qorumaq üçün şəhid olduğunu bildirib.
Daha sonra jurnalist və televiziya aparıcısı İsmail Halisin moderatorluğu ilə keçirilən paneldə politoloq Mete Yarar, jurnalist-yazar Nedim Şener və jurnalist-köşə yazarı Merve Şebnem Oruç çıxış edərək 15 iyul gecəsinin məna və əhəmiyyətindən danışıblar. Panel proqramı gənclərin sual-cavab sessiyası ilə başa çatıb.
Panel proqramından sonra xatirə fotosu çəkdirilib. Ardından Aktual.ge xəbər portalına eksklüziv müsahibə verən YTB sədri Abdulhadi Turus bir sıra sualları cavablandırıb.
O, eyni zamanda rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən Media Yay Məktəbi haqqında da danışıb və bunun gələcəkdə daha geniş sahələri əhatə edəcəyini, idman və akademik istiqamətlərdə də proqramların təşkil olunacağını bildirib.
Abdulhadi Turus YTB-nin Gürcüstanda mədəniyyət sahəsində hansı işləri planlaşdırdığı və Tbilisiyə rəsmi səfər edib-etməyəcəyi ilə bağlı sualı cavablandıraraq, Gürcüstanı qardaş ölkə adlandırıb.
Media Yay Məktəbinin son günü olan 5-ci günündə iştirak edən gənclərə YTB-nin Korporativ Əlaqələr Departamentinin rəhbəri Ali Işık və Fokus Plus media quruluşunun baş direktoru Ahmet Yusuf sertifikatlar təqdim ediblər.
Media Yay Məktəbinin məsulu və YTB-nin Korporativ Tanıtım Koordinatoru İsmail Özsoy təlim proqramlarının məqsədinin gənclərin media sahəsində biliklərini daha da artırmaq olduğunu bildirib.
YTB Media Yay Məktəbinin sonunda isə ailə fotosu lentə alınıb.
Daha ətraflı YTB Yay Məktəbindən hazırladığımız video süjeti təqdim edirik: