“Xəyanət müqaviləsinin imzalanması üçün ideoloji hazırlıq təcili rejimdə aparılır, yaxın həftələrdə Kobaxidzeni bütün bunları imzalamaq üçün Moskvada gözləyirlər”.
Aktual.ge xəbər verir ki, bu fikirləri Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazıb.
"Abxaziyaya və ehtimal ki, Sxinvali bölgəsinə yanacaq tədarükü çox böyük bir hadisənin əlaməti və hazırlığıdır. Yaxın həftələrdə İvanişvili 2012-ci ildə hakimiyyətə gətirilməsi və indi isə Ukrayna müharibəsi fonunda varlanması müqabilində Moskvanın ona təqdim etdiyi hesabı ödəmək niyyətindədir. İvanişvili 4 ildən artıqdır ki, Rusiyanın əlindən qidalanır. Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməklə öz sərvətini ikiqat artırıb.
Mənim məlumatıma görə, ruslar avqustun əvvəlində iki növ müqavilə layihəsi göndəriblər. Onlardan biri diplomatik münasibətlərin bərpasına, üçüncü tərəflə bir-birinə qarşı heç bir razılaşmaya getməməyə (burada üçüncü qüvvə dedikdə Qərb nəzərdə tutulur) aiddir. Həmçinin Abxaziya və Sxinvali hökumətləri ilə onların subyektliyinin tanınması və bir-birinə hücum etməmək zəmanəti barədə ayrıca iki müqavilə var. Bu müqavilələr birbaşa İvanişviliyə təqdim edilib.
Rusiya tərəfindən prosesə Sergey Kiriyenko rəhbərlik edir, Gürcüstanın Xarici İşlər Nazirliyi ümumiyyətlə prosesə cəlb olunmayıb. İvanişvili hesab edir ki, məhz indi bu yekun xəyanət və təslim sənədlərini imzalamaq üçün əlverişli məqamdır. Xalq qorxudulub, ən çox etiraz edənlər həbsdədir, müxalifət nüfuzdan salınıb, Qərbin isə bizimlə məşğul olmağa vaxtı yoxdur" , - deyə Mixeil Saakaşvili iddia edib.