“Bizi tez-tez Avropa institutları ilə münasibətlərdə fərqli ritorikadan istifadə etməyə çağırırlar, lakin Avropa Parlamenti belə bir qətnamə qəbul etdikdə və bu məzmunda debatlar keçirildikdə, hər hansı müsbət şərh vermək, hətta mənfi şərh bildirməmək belə çox çətin olur”.
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Avropa Parlamenti bu cür addımları ilə Sovet İttifaqının Ali Sovetini xatırladır.
"Təbii ki, Avropa Parlamenti bu cür addımları ilə bizə Sovet İttifaqının Ali Sovetini xatırladır. Məncə, Sovet İttifaqının mövcudluğunun son illərini yaşadığı 1980-ci illərdə Ali Sovet daha yaxşı vəziyyətdə idi. Avropa Parlamenti çox ağır vəziyyətdədir, bütövlükdə Avropa bürokratiyası ağır durumdadır. Belə debatlar və sənədlər də bunun göstəricisidir. Gürcüstan cəmiyyəti üçün bunlar artıq maraqlı deyil”, – deyə İrakli Kobaxidze qeyd edib.
Məlumat üçün bildirək ki, 8 oktyabr Avropa Parlamentinin plenar iclasında “Gürcüstanda hakim partiya – 'Gürcü Arzusu'nun müxalifət partiyalarını qadağan etmək cəhdləri haqqında' qətnamə 445 lehinə, 37 əleyhinə səslə qəbul edilib. 97 avroparlamentari isə səsvermədə iştirak etməkdən imtina edib.
Dünən, məsələ ilə bağlı debatlar keçirilməzdən əvvəl dərc olunan qətnamə layihəsində Avropa Parlamentinin Gürcüstan müxalifət partiyalarını qadağan etmək cəhdlərini qətiyyətlə pislədiyi və onlara qarşı Konstitusiya Məhkəməsinə təqdim edilmiş iddianın dərhal geri götürülməsini tələb etdiyi qeyd olunub.
Bununla yanaşı, Avropa Parlamenti Avropa İttifaqını və üzv dövlətləri “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə, Baş nazir İrakli Kobaxidzeyə, parlamentin sədri Şalva Papuaşviliyə və Tbilisi meri Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.