Gürcüstanda avtomobillər üçün səs-küy həddi 85-dən 100 desibelə qaldırıla bilər
09.10.2026 14:51
167
Maraqlı
A
Gürcüstanda avtomobillər üçün səs-küy həddi 85-dən 100 desibelə qaldırıla bilər

Nəqliyyat vasitələri üçün icazə verilən səs-küy həddinin 85-dən 100 desibelə qədər artırılması mümkündür.

Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

O bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq federasiya ilə birlikdə işlədiklərini və yaxın vaxtlarda qərar qəbul edəcəklərini diqqətə çatdırıb.

Hökumət başçısının sözlərinə görə, əhali küçələrdə nəqliyyat vasitələrinin yaratdığı həddindən artıq səs-küydən tez-tez narazılığını bildirirdi. Bu səbəbdən müəyyən məhdudiyyətlər tətbiq olunur.

“Əhali küçələrdə müvafiq nəqliyyat vasitələrinin yaratdığı həddindən artıq səs-küydən tez-tez narazılığını bildirirdi. Buna görə də müəyyən məhdudiyyətlər qüvvədədir. Hazırda hədd 85 desibeldir. Lakin Daxili İşlər Nazirliyi, o cümlədən müvafiq federasiya ilə birlikdə bu məsələ üzərində fəal işləyir. Təşəbbüs ondan ibarətdir ki, hədd 100 desibel müəyyən edilsin.

Bu məsələ üzərində fəal işləyirik və düşünürük ki, hər kəsin maraqlarını balanslı şəkildə təmin edəcək uyğun həll yolu tapılacaq. Bir tərəfdən, həddindən artıq səs-küy də yaxşı hal deyil. Digər tərəfdən isə, təbii ki, nəqliyyat vasitələri sahiblərinin maraqları var və onlar da nəzərə alınmalıdır.

Bir daha qeyd edirəm ki, söhbət səs-küy həddinin 85-dən 100 desibelə qədər artırılmasından gedir. Daxili İşlər Nazirliyi işini davam etdirir və çox yaxın zamanda qərar qəbul ediləcək”, – deyə İrakli Kobaxidze bildirib.

Xatırladaq ki, 2026-cı il sentyabrın 1-dən etibarən Patrul Polisi əməkdaşları avtomobilləri səsölçən cihazlarla yoxlayırlar. Qaydalara əsasən, avtomobillərin istismarı zamanı yaranan səs-küy yaşayış məntəqələrində gecə saatlarında – 23:00-dan 08:00-dək 80 desibeli keçməməlidir.

Cərimələrə gəlincə, istismar zamanı yaranan səs-küyün qanunla müəyyən edilmiş normanı aşdığı nəqliyyat vasitəsini idarə edən sürücü ilk dəfə 100 lari məbləğində cərimələnir və sürücülük vəsiqəsinə verilən ballardan 10 bal silinir.

Qayda pozuntusu təkrarlandıqda sürücü 200 lari məbləğində cərimələnir və 20 bal itirir. Üçüncü və hər növbəti pozuntuya görə isə 300 lari cərimə tətbiq edilir və sürücülük vəsiqəsinə verilən ballardan 30 bal silinir.

ŞƏRH YAZ
3