"Bu ilin sonunda təbii qaz və su təchizatı tariflərinə yenidən baxmağı planlaşdırırıq".
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Enerji və Su Təchizatının Tənzimlənməsi üzrə Milli Komissiyasının (SEMEK) sədri David Narmaniya məlumat verib.
Elektrik enerjisinin tarifinə gəlincə, SEMEK sədrinin sözlərinə görə, ilin sonunda elektrik enerjisinin qiymətinə yenidən baxılması nəzərdə tutulmur. Çünki yeni tarif tənzimləyici komissiya tərəfindən bir neçə ay əvvəl müəyyən edilib.
“Bu ilin sonunda tənzimləyici komissiyanın elektrik enerjisi tariflərinə yenidən baxmasına ehtiyac yoxdur. Biz bir neçə ay əvvəl orta müddətli dövr üçün qüvvədə olacaq yeni elektrik enerjisi tariflərini müəyyən etmişik. Bu ilin sonunda isə təbii qaz və su təchizatı tariflərinə yenidən baxmağı planlaşdırırıq. Çünki onların qüvvədə olma müddəti məhz dekabrın sonunda başa çatır”, – deyə David Narmaniya Biznes Meidiaya bildirib.
Məlumat üçün bildirək ki, bu ilin aprelindən etibarən abonentlər üçün elektrik enerjisinin tarifi orta hesabla 5 tetri bahalaşıb.
Təbii qaza gəlincə, hazırda Tbilisidə əhali üçün qüvvədə olan təbii qaz tarifi 1 kubmetr üçün 53,971 tetri təşkil edir. Bu son tarif Gürcüstanın Enerji və Su Təchizatının Tənzimlənməsi üzrə Milli Komissiyası (SƏMƏK) tərəfindən ilk dəfə 2021-ci ilin mayında müəyyən edilib və 2021-ci il iyunun 1-dən qüvvəyə minib. Daha sonra tarifin qüvvədə olma müddəti dəyişdirilmədən əvvəl 2023–2025-ci illər, daha sonra isə 2026–2027-ci illər tənzimləmə dövrü üçün uzadılıb.
Su təchizatının qiyməti sayğacı olan abonentlər üçün istehlak edilən hər 1 kubmetr suya görə 0,50 lari təşkil edir. Sayğacı olmayan (sabit tariflə ödəniş edən) abonentlər üçün isə yaşayış evində qeydiyyatda olan hər bir şəxsə görə aylıq 4,517 lari müəyyən edilib.