Korrupsiya cinayətində ittiham olunan keçmiş Baş nazir İrakli Qaribaşvili həbsxanadan növbəti məktubunu yayıb.
Aktual.ge xəbər verir ki, İrakli Qaribaşvili məktubunda məhkəmə prosesinin başlaması ilə bağlı geniş yazıb və işi “siyasi motivli, böhtan üzərində qurulmuş absurd” kimi qiymətləndirib.
Sabiq hökumət başçısı məktubunda rəhbərliyi dövründə ordunun inkişafı və David Qareci məsələsində dövlətin mövqelərinin gücləndirilməsi istiqamətində görülən işlər barədə açıqlama verib.
Onun sözlərinə görə, o, “bütün qəlbi ilə” Gürcüstan ordusuna və vətəninə xidmət edib. Onun barəsində aparılan “siyasi təqib və böhtan” isə ölkə, hakimiyyət və hakim partiya üçün təhqirdir.
“Mənim məhkəmə prosesim oktyabrın 19-da başladı. Bununla bağlı bildirmək istəyirəm ki, bu, siyasi motivli, böhtan üzərində qurulmuş bir işdir və bu absurd işin detalları ilə bağlı cəmiyyət bütün həqiqəti prosesin gedişində öyrənəcək.
Mənə qarşı irəli sürülən böhtan xarakterli ittiham ən həssas məsələlərdən birinə – Müdafiə Nazirliyinə və ölkənin müdafiə qabiliyyətinə aid olduğu üçün məqsədəuyğun hesab edirəm ki, baş nazir və müdafiə naziri olduğum dövrdə ölkənin müdafiəsinin gücləndirilməsi üçün görülən işlər barədə cəmiyyətə qısa məlumat verim.
Bu dövrdə:
- Müdafiə Qüvvələrinin uzunmüddətli inkişafının planlaşdırılması həyata keçirildi;
- Hərbi texnika və silahlar yeniləndi;
- Hərbi infrastruktur və hərbi qulluqçuların sosial şəraiti yaxşılaşdırıldı;
- NATO standartlarına yaxınlaşma və NATO standartlarına uyğun silahlara keçid təmin edildi;
- Hərbi aviasiyanın və hava hücumundan müdafiə imkanlarının inkişaf etdirilməsi və bir çox digər mühüm layihələr həyata keçirildi.
'Ordu üçün hər şeyin ən yaxşısı!' - müdafiə naziri təyin olunandan dərhal sonra baxışımı, siyasətimi və bütün qərarlarımı əsaslandırdığım şüar bu idi. Müdafiə Qüvvələri ilə birlikdə cəmiyyətə 10 illik inkişaf strategiyası və fəaliyyət planı təqdim etdik. Sonradan bu təcrübə və nümunəni bütün hökumət və bütün nazirliklər üçün məcburi hala gətirdim.
Komandam və Müdafiə Qüvvələri ilə birlikdə hərbi infrastrukturun inkişafı məqsədilə genişmiqyaslı işlərə başladıq. Bütün hərbi bazalar NATO-nun vahid standartlarına uyğun olaraq təmir və bərpa edildi. 2023-cü ilin sonuna qədər kazarmalar, yeməkxanalar, idman kompleksləri və yaşayış binaları da daxil olmaqla 270 obyekt tikildi və bərpa olundu. Ümumilikdə 500-dən çox obyekt təmir edildi.
'Ordu şəhəri' inşa etdik və 1000-dən çox hərbi qulluqçuya mənzilləri minimum qiymətə təqdim etdik. Bu layihənin davam etdirilməsi ilə bağlı öhdəlik və zəmanətləri isə Müdafiə Məcəlləsində təsbit etdik ki, mən vəzifədən getdikdən sonra da onun məcburi şəkildə davam etdirilməsi təmin olunsun.
Yuxarıda qeyd etdiyim şüara uyğun olaraq əsgərlər üçün mümkün olan ən yaxşısını etməyə çalışdım: şəxsi təchizat, geyim formaları, ayaqqabılar, sosial məsələlərin qaydaya salınması, maaşların 50 faiz artırılması, avtomobil parkının tam yenilənməsi, hərbi avtomobillər, xüsusi texnika, zirehli texnika, silahların yenilənməsi, ehtiyat qüvvələrin komplektləşdirilməsi. Silah-sursat alınması ilə bağlı onlarla müqavilə imzalandı, hava hücumundan müdafiə sistemləri bərpa edildi və yeniləri alındı, hərbi aviasiya – təyyarələr və helikopterlər tam bərpa edildi, artilleriya, logistika və müdafiə imkanlarının bütün istiqamətləri gücləndirildi...
Bunlar mənim rəhbərliyim dövründə ordumuz üçün görülən işlərin qısa siyahısıdır. Müdafiə naziri və baş nazir olduğum dövrdə ordu üçün nələr etdiyimi kimsə bilirsə, bunu ilk növbədə bizim ordumuz bilir.
Bunu təsdiqləmək üçün daha bir faktı xatırlatmaq istəyirəm: 2020-ci ilə qədər 'Gürcü Arzusu' ordunun qapalı seçki məntəqələrində keçirilən bütün seçkiləri uduzurdu. Yalnız mənim müdafiə naziri olduğum dövrdə, 2020-ci il parlament seçkilərində 'Gürcü Arzusu' ordunun qapalı seçki məntəqələrində səslərin 85–90 faizini aldı. Düşünürəm ki, təkcə bu fakt belə çox şeydən xəbər verir.
Çoxsaylı problemli məsələləri tənzimləyən yeni Müdafiə Məcəlləsinin qəbul edilməsi də mühüm idi. Xüsusilə ən antitəblərdən və milli maraqlara zidd layihələrdən biri olan, 10 mindən çox gənci hərbi xidmətdən yayınmağa sövq edən 'Girçi layihəsi'ni qeyd etmək istəyirəm...Biz bu dövlət əleyhinə layihəni məhdudlaşdırdıq və ləğv etdik. Məcəllə məcburi hərbi xidmət islahatını da tənzimlədi. Buna əsasən, hazırda məcburi hərbi xidmətə çağırış yalnız Müdafiə Nazirliyi vasitəsilə həyata keçirilir.
Konkret modullar hazırlandı. Altı aylıq proqramı başa vurduqdan sonra gənc həm nəzəri, həm də praktiki biliklər əldə edəcək. Nəticədə ölkənin psixoloji və mənəvi cəhətdən hazırlıqlı, sağlam vətənpərvərlərdən, ehtiyatda olan hərbçilərdən ibarət qüvvəsi olacaq. Bu prosesin ilkin hazırlıq mərhələsi isə məktəblilər üçün hərbi düşərgələr idi və olaraq qalır.
Bütün bunlardan ona görə danışıram ki, əhalimiz şəxsən mənim üçün ölkəmizin və onun müdafiə maraqlarının nə demək olduğunu bilsin. İndi isə heç vaxt etmədiyim bir əməli törətməkdə ittiham olunduğum zaman böyük yazıçının sözləri yadıma düşür:
'Bütün dövrlərin böhtançıları yaxşı bilirdilər ki, insanın ən amansız cəzası o zaman verilir ki, onu məhz özünün mübarizə apardığı şeydə ittiham edirlər'.
Burada David Qareci məsələsini də xatırlatmaq istəyirəm. Müdafiə naziri olduğum dövrdə bu istiqamətdə işləri yenidən başladıq. Cəmiyyət bilməlidir ki, hələ illər əvvəl, ilk dəfə baş nazir olduğum dövrdə danışıqlarda Gürcüstanın mövqeyini gücləndirmək üçün zəruri olan orijinal xəritələri əldə etməyə cəhd göstərmişdik.
2020-ci ilə qədər ölkədə üç baş nazir, iki müdafiə naziri və üç daxili işlər naziri dəyişdi. Təəssüf ki, David Qareci ilə bağlı heç bir iş görülmədi. Əksinə, vəziyyət daha da pisləşdi.
Mənim koordinasiyamla Müdafiə Nazirliyində işçi qrupu yaradıldı. Məsələnin tam mənzərəsini bərpa etdik, keçmişdə yol verilmiş cinayət xarakterli əməlləri araşdırdıq. Məlum oldu ki, Saakaşvili dövründə qəbul edilmiş qərarlar əsasında yanlış xəritələrdən istifadə etməklə Gürcüstan sərhədinin dəyişdirilməsinə cəhd göstərən şəxslər hələ də dövlət komissiyasının üzvləri idilər.
Qısa müddət sonra Müdafiə Nazirliyinin Kartoqrafiya Departamentinin peşəkarları tərəfindən hazırlanmış konkret baxış, fikirlər və problemin həlli yollarını partiyanın təsisçisi Bidzina İvanişviliyə təqdim etdim. Onun səyləri nəticəsində David Xidaşelinin xəritələrin orijinallarını Tbilisiyə gətirməsi mümkün oldu. Hüquqi reaksiya da verildi, araşdırma başlandı.
Nəticədə dövlətin mövqeləri əhəmiyyətli dərəcədə gücləndi. Bu barədə Gürcüstan Pravoslav Kilsəsinin Patriarxlığı tam məlumatlandırılmışdı və ilk gündən prosesə David Qareci monastırının arximandriti Kirion da cəlb olunmuşdu. David Qareci məsələsi ilə ilk dəfə baş nazir olduğum dövrdə məhz onun təşəbbüsü və ruhlandırması ilə məşğul olmağa başlamış, müdafiə naziri vəzifəsinə qayıdan kimi onunla birlikdə prosesi yenidən başlatmışdım.
Mənim qərarımla dövlət komissiyasının fəaliyyəti də bərpa edildi və tərkibinə yeni üzvlər, vətənpərvər peşəkarlar daxil edildi. Məhkəmə prosesi 2023-cü ilin sonuna qədər davam etdi. Həmçinin hüquqi məsələlərdə bizə kömək edəcək beynəlxalq məsləhət şirkətləri də seçmişdik.
Azərbaycan bizim dostumuz, strateji tərəfdaşımız və qonşu dövlətimizdir. Ümid edirəm ki, danışıqlar məhz bu ruhda davam etdiriləcək və David Qareci məsələsi ədalətli şəkildə həll olunacaq.
Və sonda, mən bütün qəlbimlə ordumuza və vətənimizə xidmət etmişəm. Mənə qarşı aparılan siyasi təqib və böhtan ölkəmiz, eləcə də hakimiyyət və hakim partiya üçün təhqirdir”, – deyə İrakli Qaribaşvili qeyd edib.