“Gürcü Arzusu” partiyasının deputatlarının beş müxalifət partiyasının qadağan edilməsi ilə bağlı iddiasına Konstitusiya Məhkəməsində baxılması bərpa olunub.
Aktual.ge xəbər verir ki, Konstitusiya Məhkəməsi suallar mərhələsindədir və bu dəfə suallar müxalifət partiyalarının nümayəndələrinə ünvanlanacaq.
İddia ilə bağlı məhkəmə iclası noyabrın 13-də, cümə günü də keçiriləcək. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraianın bildirdiyinə görə, sual-cavab mərhələsinin, ehtimal ki, gələn həftənin çərşənbə axşamına qədər davam edəcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, Konstitusiya Məhkəməsində iddiaya baxılmasına oktyabrın 21-də başlanılıb. İşə Konstitusiya Məhkəməsinin yeddi hakimdən ibarət Plenumu baxır.
Konstitusiya Məhkəməsinə təqdim edilmiş iddianı "Gürcü Arzusu"nun 88 deputatı imzalayıb. Onların müraciəti əsasında məhkəmənin gündəliyində aşağıdakı beş siyasi birlik və partiyanın konstitusiyaya zidd elan edilməsi məsələsi dayanır:
“Birlik – Milli Hərəkat”;
“Dəyişikliklər üçün Koalisiya – Qvaramia, Melia, Girçi, Droa”;
“Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq üçün!”;
“Federalistlər Partiyası”;
“Qaxaria – Gürcüstan naminə” partiyası.
Konstitusiya iddiasına XI çağırış parlamentdə yaradılmış müvəqqəti istintaq komissiyasının rəyi də əlavə olunub.