Gürcüstan Prokurorluğu keçmiş həyat yoldaşına qarşı zorakılıq, məcburetmə, hədə-qorxu, təqib və mənzil toxunulmazlığının pozulması faktları ilə bağlı bir nəfəri saxlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Prokurorluğun rəsmi saytında məlumat verilib.
"Kvemo Kartli Regional Prokurorluğunun İstintaq İdarəsinin əməkdaşları 2024–2026-cı illərdə Marneuli bələdiyyəsində həyat yoldaşına qarşı törədilmiş məişət zorakılığı, məcburetmə, hədə-qorxu, təqib və mənzil toxunulmazlığının pozulması faktları üzrə bir nəfəri saxlayıblar.
Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham irəli sürülüb:
126¹-ci maddənin 1-ci hissəsi – ailə zorakılığı;
11¹–150-ci maddənin 1-ci hissəsi – məcburetmə;
11¹–151-ci maddənin 2-ci hissəsinin 'd' bəndi – hədə-qorxu;
11¹–151¹-ci maddənin 1-ci hissəsi – təqib;
11¹–160-cı maddənin 1-ci hissəsi – mənzil toxunulmazlığının pozulması.
Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbs qərarı çıxarıb" , - qeyd olunub.
Ehtimal olunur ki, söhbət Marneuli Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqaninin oğlu Mamuka Qiqanidən gedir. Hüquq müdafiəçisi Samirə Bayramova noyabrın 19-da etdiyi paylaşımda Riçard Qiqaninin oğlunun həyat yoldaşına qarşı zorakılıq ittihamı ilə saxlanıldığını qeyd etmişdi.