Poniçalada Qədir-Xum bayramı qeyd olunub - FOTO
8 avqust tarixində Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində yerli və ətraf məntəqələrdən dəvət olunan inanclı müsəlmanların iştirakı ilə 'Qədir-Xum' bayramı təşkil olunub.
Bu barədə Aktual.ge xəbər portalına sözügedən bayramın təşkilatçıları tərəfindən məlumat verilib.
Bildirilib ki, Quran tilavəti ilə açıq elan olunan mərasimdə ruhani xətiblər 'Qədir-Xum' bayramının mənası, tarixi həqiqəti, əhəmiyyəti və önəmindən danışıb, Peyğəmbərimizin (s) son sifariş və vəsiyyətini müsəlmanlara xatırladıblar.
“Əhlibeyt” məscidinin həyətində təşkil olunan bu tədbirdə şeir, mövludnamə və ilahilər səsləndirilib. Azərbaycan, İran və Türkiyədən din alimlərinin görüntülü söhbəti təqdim olunub. Sonda tədbirdə iştirak edən azyaşlı uşaqlara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 8 avqust tarixində Gürcüstanın bir çox rayon və kəndlərdə, məscidlərdə Həzrət İmam Əlinin (ə) imamət məqamına təyin olunduğu gün 'Qədir-Xum' bayramı ilə əlaqədar mərasimlər təşkil olunub, tədbirlər keçirilib və bayram süfrələri açılıb.