Kvemo Kartli Polis Departamentinin əməkdaşları sağlamlığa qəsdən az ağır xəsarət yetirməkdə axtarışda olan şəxsi Qardabani bələdiyyəsi ərazisində saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
DİN-in məlumatına görə, saxlanılan şəxs cari ilin 29 yanvar tarixində məişət zəminində baş vermiş münaqişə zamanı qeydiyyatsız ov tüfəngindən atəş açaraq kənd sakinlərindən birinə bədən xəsarəti yetirib və hadisə yerindən qaçıb.
“Mühafizə orqanlarının əməkdaşları həmin cinayət işi üzrə keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayətdə təqsirləndirilən şəxsin kimliyini qısa müddətdə müəyyən ediblər və o, axtarışa verilib.
Polis axtarışda olan şəxsi Qardabani bələdiyyəsində saxlayıb. Hazırda o, 8 saylı penitensiar müəssisəyə köçürülüb”, - məlumatda bildirilir.