Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze Parlamentin plenar iclasında xarici tələbələrin təhsil məqsədli yaşayış icazəsinin hansı hallarda ləğv ediləcəyini izah edib.
Aktual.ge xəbər verir ki, nazir müavinin sözlərinə görə, əlavə olaraq dil baryerinin yoxlanılması komponenti tətbiq olunur.
Belə ki, Gürcüstan hökuməti beynəlxalq səviyyədə tanınan xarici dil sertifikatlarının konkret siyahısını müəyyən edəcək mexanizm işə düşür.
Nazir müavininin izahına görə, Milli Qiymətləndirmə və İmtahan Mərkəzinə xarici dil imtahanını təşkil etmək imkanı veriləcək və xarici vətəndaş dil biliyini təsdiqlədikdən sonra ali təhsil müəssisəsinə qəbul olunacaq.
“Student yaşayış icazəsinə gəlincə, burada da ciddi çağırışlar var. Yeni qanun qüvvəyə mindikdən sonra (2025-ci il 1 oktyabrdan sonrakı dövr nəzərdə tutulur) Miqrasiya Departamenti 100-dən çox reyd keçirib və 10 000-dən çox əcnəbini yoxlayıb. Tələbə yaşayış icazəsindən istifadə edən bir çox xarici tələbə təsadüfi seçim əsasında küçədə yoxlanılıb və onların əhəmiyyətli hissəsinin ali məktəbdə təhsil almadığı, bəzilərinin isə tələbə statusunun dayandırıldığı halda belə yaşayış icazəsindən istifadə etdiyi müəyyən olunub. Hətta sadə kommunikasiya üçün minimal dil biliyinə belə sahib olmayan hallar da aşkar edilib”, – deyə o bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi ilə birlikdə hazırlanmış yeni mexanizm bu riskləri azaldacaq. İlk növbədə dil biliyinin yoxlanılması üzrə əlavə komponent tətbiq ediləcək. Mövcud qaydalara görə, dili yalnız universitetlər yoxlayır və xarici nəzarət mexanizmi yoxdur. Buna görə də hökumət beynəlxalq səviyyədə tanınan xarici dil sertifikatlarının siyahısını müəyyən edəcək. Bundan əlavə, İmtahan Mərkəzi özü də dil imtahanı təşkil edə biləcək və xarici vətəndaş yalnız dil biliyini təsdiqlədikdən sonra universitetə qəbul olunacaq.
Aleksandre Daraxvelidze həmçinin bildirib ki, “ali təhsilə qəbulun yaşayış icazəsi almaq üçün sui-istifadə edilməməsi məqsədilə” tələbələr üçün öhdəliklər müəyyən ediləcək. Belə ki, əgər tələbə bir tədris ili ərzində minimum 20 kredit toplaya bilməzsə, onun yaşayış icazəsi ləğv olunacaq.
“Bundan əlavə, əgər tələbə 90 gün və ya daha çox müddətə tələbə statusunu dayandırarsa, bu da yaşayış icazəsinin ləğvi üçün əsas olacaq. Həmçinin 183 gün və ya daha çox müddət ərzində üzrlü səbəb olmadan ölkəni tərk edərsə, bu halda da təhsil məqsədli yaşayış icazəsi dayandırılacaq”, – deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, prosesə nəzarəti gücləndirmək üçün bütün xarici tələbələrin qəbul və təhsil məlumatlarını əks etdirən vahid elektron informasiya bazası yaradılacaq və aidiyyəti qurumlar monitorinq apara biləcəklər.
Eyni zamanda o qeyd edib ki, əgər universitetlər bu tələblərə əməl etməsə, onlar inzibati məsuliyyət daşıyacaqlar.
Nazir müavinin sözlərinə görə, əvvəllər yetkinlik yaşına çatmayan şəxslərin də tələbə kimi qəbul olunması və daha sonra ailə birləşməsi vasitəsilə onların ailə üzvlərinin ölkəyə gəlməsi halları olub. Buna görə də yeni qaydaya əsasən təhsil məqsədli yaşayış icazəsi yalnız yetkin şəxslərə veriləcək. Yetkinlik yaşına çatmayanlar üçün isə 1 illik xüsusi D6 kateqoriyalı viza tətbiq olunacaq.
Həmçinin sertifikat kurslarına qəbul edilən əcnəbilərin də yaşayış icazəsi alması praktikası ləğv edilir və yalnız akkreditə olunmuş ali və ya peşə təhsil proqramlarına qəbul edilənlər üçün bu imkan saxlanılır.