“Dəyişiklik naminə Koalisiya”nın liderlərindən biri Zurab “Girçi” Caparidze skuterlə hərəkətdə olarkən avtomobilin onu vurması nəticəsində aldığı xəsarətlərlə bağlı açıqlama verib.
Aktual.ge xəbər verir ki, Caparidzenin sözlərinə görə, hadisə nəticəsində bədənində çoxsaylı əzilmə və sıyrıqlar, həmçinin beyin silkələnməsi qeydə alınıb. Bununla belə, o, səhhətinin ciddi narahatlıq doğurmadığını bildirib.
“Skuterlə hərəkətdə olarkən avtomobil yolumu kəsdi və mənə çırpıldı. Sürətim yüksək deyildi. Bir qədər sürüşdüm, buna görə bədənimdə çoxlu əzilmə və sıyrıqlar var. Mənə beyin silkələnməsi diaqnozu qoyulub. Qısa müddətli yaddaş itkisi yaşadım, bəzi anları xatırlamıram, amma yaddaşım tədricən bərpa olunur. Lazım olan bütün müayinələr aparılıb. Ümumilikdə ciddi narahatlıq doğuracaq vəziyyət yoxdur”, – deyə Zurab “Girçi” Caparidze klinikadan yaydığı videomüraciətdə bildirib.