02.08.2026 13:10
517
Maraqlı
A
"SOCAR Georgia Gas" Qızılhacılı ilə bağlı bəyanat yayır

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində təbii qaz təchizatı ilə bağlı "SOCAR Georgia Gas" şirkəti bəyanat yayıb.

Şirkətdən Aktual.ge xəbər portalına verilən press-relizi olduğu kimi təqdim edirik:

"Məlum olduğu kimi, tənzimləyici orqanın qərarına əsasən, 1 avqust 2026-cı il tarixindən etibarən “Mamed” MMC-nin Qızılhacılı kəndində təbii qazın paylanması üzrə lisenziyası ləğv edilmişdir. Bununla da şirkət Qızılhacılı kəndi ərazisində təbii qazın paylanması fəaliyyətini həyata keçirmək hüququndan məhrum edilmişdir. 

Bildiririk ki, qeyd olunan tarixdən etibarən “Mamed” MMC tərəfindən təbii qazın verilməsinin dayandırılması, bərpa edilməsi və ya qaz paylanması ilə bağlı həyata keçirilən hər hansı digər əməliyyat qanunsuz hesab olunur. .

Son dövrlərdə “Mamed” MMC qanunsuz olaraq və öz təşəbbüsü ilə təbii qaz üzrə istehlak tarifinin dəyişdirildiyini dəfələrlə bəyan etmişdir. Bir daha xatırladırıq ki, təbii qaz üzrə istehlak tarifinin müəyyən edilməsi tənzimləyici orqanın səlahiyyətindədir. Hazırda Qızılhacılı kəndinin əhalisi üçün qüvvədə olan tarif 1 kubmetr üçün 47 tetri təşkil edir. 

Təəssüflə bildiririk ki, “Mamed” MMC-nin uzun illər ərzində təbii qaza görə yığılmış borclarını ödəməməsi, eləcə də lisenziya şərtlərini mütəmadi olaraq pozması nəticəsində kənddə təbii qaz təchizatı dayandırılmış və şirkətin lisenziyası tənzimləyici orqan tərəfindən ləğv edilmişdir. 

Bildiririk ki, 1 avqust 2026-cı il tarixindən etibarən təbii qazın paylanması üzrə lisenziya çərçivəsində müvafiq xidmətlərin göstərilməsi “SOCAR Georgia Gas” MMC-yə həvalə edilmişdir. Bu səbəbdən indiyədək “Mamed” MMC vasitəsilə təbii qazdan istifadə edən Qızılhacılı kəndinin bütün istehlakçıları “SOCAR Georgia Gas” MMC-nin abonenti kimi qeydiyyatdan keçməlidirlər. 

Xüsusilə qeyd etmək istəyirik ki, “SOCAR Georgia Gas” MMC qanunvericiliyə uyğun olaraq üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirəcək və Qızılhacılı kəndinin sakinlərini ölkənin digər şəhər və kəndlərində olduğu kimi təhlükəsiz, etibarlı və fasiləsiz təbii qaz təchizatı ilə təmin edəcəkdir".

ŞƏRH YAZ
2