Son dövrdə naməlum şəxslərin vətəndaşlarla "WhatsApp" mobil tətbiqi və digər rabitə vasitələri ilə əlaqə saxlayaraq özlərini Gürcüstan Milli Bankının nümayəndələri kimi təqdim etdikləri bir neçə hal qeydə alınıb.
Aktual.ge xəbər verir ki, bununla bağlı Milli Bank məlumat yayıb.
Məlumata əsasən, bundan əlavə, həmin şəxslər Milli Bankın loqosundan qanunsuz olaraq istifadə edirlər.
"İxtiyarımızda olan məlumata əsasən, qeyd olunan şəxslər vətəndaşlara guya Milli Bank qarşısında olan kredit öhdəliyinin bağlanmasında və digər oxşar maliyyə əməliyyatlarında köməklik göstərməyi təklif edirlər. Halların birində isə vətəndaşa bildiriblər ki, onun şəxsi bank məlumatlarında mümkün icazəsiz giriş və kreditin aktivləşdirilməsi cəhdi qeydə alınıb; bunu yoxlamaq məqsədilə ondan identifikatorları daxil etməklə müvafiq uzaqdan idarəetmə kanalına – internet və/və ya mobil banka daxil olmaq tələb olunub.
Yuxarıda adı çəkilən ünsiyyətlər çərçivəsində istifadəçilərdən həmçinin internet və/və ya mobil bankda avtorizasiya üçün zəruri olan məlumatları, o cümlədən istifadəçi adını, şifrəni, həmçinin digər şəxsi və maliyyə məlumatlarını təqdim etmək xahiş olunur", - qeyd olunub.
Milli Bank vətəndaşlara çağırış edərək bəyan edib:
"Xahiş edirik nəzərə alasınız ki, qeyd olunan məlumatlar verildiyi təqdirdə, fırıldaqçılar sizin bank hesablarınıza çıxış əldə edə bilərlər ki, bu da icazəsiz əməliyyatların həyata keçirilməsi və istifadəçiyə maliyyə zərəri/ziyanı vurulması təhlükəsini yaradır. Gürcüstan Milli Bankı vətəndaşları xüsusi diqqət və ehtiyatlılıq nümayiş etdirməyə çağırır. Öz şəxsi və maliyyə məlumatlarınızı, o cümlədən bankın uzaqdan idarəetmə kanallarında avtorizasiya üçün zəruri olan istifadəçi adı və şifrəni heç kimə verməyin, həmçinin həmin məlumatları naməlum şəxslər tərəfindən təqdim edilmiş şübhəli keçidlərə daxil etməyin və bank/kart əməliyyatları həyata keçirməyə cəhd göstərməyin. Belə bir vəziyyət qeydə alındığı təqdirdə, müvafiq hüquq-mühafizə orqanlarına müraciət edin.
Xatırladaq ki, Gürcüstan Milli Bankı maliyyə sektorunun istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə mütəmadi olaraq maliyyə fırıldaqçılığının tez-tez istifadə olunan sxemləri ilə əlaqədar xəbərdedici və ya maarifləndirici məlumatlar yayır. Müvafiq məzmunlu materiallar Gürcüstan Milli Bankının rəsmi və maliyyə savadlılığı veb-saytlarında yerləşdirilib".