İrakli Kirtsxalia: Onlara 2008-ci ilin ağrıları kifayət etmədi
Bugün
57
Siyasət
A
İrakli Kirtsxalia: Onlara 2008-ci ilin ağrıları kifayət etmədi

"Ukraynada Rusiyanın ikinci dəfə işğala başlamasından sonra müxtəlif partiyalara və 'QHT'lərə səpələnmiş agentlər səfərbər oldular və rus işğalına, rus turistlərinə, Rusiya pullarına və məhsullarına, bir sözlə, Rusiya ilə əlaqəsi ola biləcək hər şeyə qarşı barışmaz mübarizə aparan şəxslər kimi qarşımıza çıxdılar".

Aktual.ge xəbər verir ki, bu barədə Parlament çoxluğunun lideri İrakli Kirtsxalia sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, “Milli Hərəkat” üçün, onunla əlaqəli siyasi qüvvələr, qeyri-hökumət təşkilatları və ya konkret şəxslər üçün antİ-Rusiya əhval-ruhiyyəsini qızışdırmaq baxımından 2008-ci ilin avqust müharibəsi kifayət etməyib.

“Düz bir həftə əvvəl Baş nazir geniş təhlil dərc etdi və konkret bir yanaşmaya diqqət çəkdi. Bu yanaşmaya görə, 'Milli Hərəkat', onunla əlaqəli və müxtəlif vaxtlarda razılaşmalara getmiş siyasi qüvvələr, eləcə də son nəticədə 'dərin dövlətin' vahid agenturasına çevrilmiş zəngin gürcü 'QHT'ləri üçün radikal anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaq baxımından 2008-ci il müharibəsi, ölkə ərazisinin 20 faizinin işğalı və əlavə olaraq 120-dən çox kəndin işğal xəttinin o tayında qalması, Abxaziya və Sxinvali regionunun müstəqilliyinin tanınması, öz vətənində təxminən 30 000 məcburi köçkün, yüzlərlə həlak olan və minlərlə yaralanan gürcü kifayət etməyib.

Hətta bundan əlavə, o dövrdəki hakimiyyət müharibənin başa çatmasından qısa müddət sonra Rusiya ilə mədəni və humanitar əlaqələrin bərpasından danışmağa başladı, Rusiya kapitalının Gürcüstan iqtisadiyyatına və strateji sektorlarına axınını təşviq etdi, onların lideri sərhəddə rus turistlərini şəxsən qarşılayırdı. Bundan sonra isə Rusiya vətəndaşları üçün viza rejimini birtərəfli qaydada belə ləğv etdilər. Saakaşvili isə bütün bunlarla beynəlxalq tribunadan fəxr edirdi.

Həmin dövrdə bu gün nəinki anti-Rusiya mövqeyi ilə seçilən, hətta birbaşa rusofobiyanı yayan qüvvələrin nümayəndələrindən və konkret şəxslərdən 'Milli Hərəkat'a qarşı heç bir tənqid eşitmədik. Əvəzində, Ukraynada Rusiyanın ikinci dəfə işğala başlamasından sonra müxtəlif partiyalara və 'QHT'lərə səpələnmiş agentlər səfərbər oldular və rus işğalına, rus turistlərinə, Rusiya pullarına və məhsullarına, bir sözlə, Rusiya ilə əlaqəsi ola biləcək hər şeyə qarşı barışmaz mübarizə aparan şəxslər kimi qarşımıza çıxdılar.

Baş nazir öz məktubunda ritorik sual da verdi: Bu insanlar niyə indi, Rusiyaya qarşı fobiyaya qapıldılar, halbuki məsələ Gürcüstana aid olanda belə davranmadılar? İlk baxışdan məntiqsiz görünən bu vəziyyətin çox sadə cavabı var və bu cavab hər şeyi məntiqi çərçivəyə salır, nə 'Milli Hərəkat' və onun müttəfiqləri, nə 'QHT'lər, nə də vətəndaş fəallığının və ya elmi sahənin arxasında gizlənən konkret şəxslər nə 2008–2012-ci illərdə, nə də bu gün müstəqildirlər. Onlar manevr imkanından məhrum agentlər və kənardan verilən tapşırıqları sözsüz yerinə yetirən itaətkar qullardır”, - deyə İrakli Kirtsxalia yazıb.

ŞƏRH YAZ
1