Almaniya Xarici İşlər Nazirliyi Gürcüstanda müxalifət partiyalarının qadağan edilməsi ilə bağlı Konstitusiya Məhkəməsində baxılan işdən narahatlığını ifadə edib. Berlin hesab edir ki, bu proses Gürcüstanı Avropa İttifaqından daha da uzaqlaşdırır və ölkədə demokratiyanı zəiflədir.
Aktual.ge xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Katrin Deşauer açıqlama verib.
Onun sözlərinə görə, Almaniya uzun müddətdir Gürcüstanda baş verən hadisələri narahatlıqla izləyir və məhkəmədə baxılan işi bu tendensiyanın növbəti mərhələsi hesab edir.
“Biz artıq uzun müddətdir ki, Gürcüstanda baş verən hadisələri böyük narahatlıqla izləyirik. Konstitusiya Məhkəməsində baxılan bu iş həmin tendensiyanın növbəti addımıdır. Bu proses ölkəni Avropa İttifaqından daha da uzaqlaşdırır və ölkədaxili demokratiyanı zəiflədir. Bizim qiymətləndirməmiz belədir”, - deyə Deşauer bildirib.
O, Avropa Komissiyasının və Avropa Şurasının baş katibinin də açıq şəkildə vurğuladığı kimi, məhkəmə sistemindən siyasi məqsədlər üçün geniş istifadə olunmasının ciddi problem yaratdığını qeyd edib.
“Federal hökumət və Xarici İşlər Nazirliyi olaraq bu son addımla bağlı narahatlığımızı və şübhələrimizi Gürcüstan tərəfinə mütləq çatdıracağıq. Bu addım ölkənin Avropa İttifaqından daha da uzaqlaşmasına səbəb olur və Gürcüstanın Aİ-yə üzvlük perspektivinə xələl gətirir”, - deyə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Deşauerin sözlərinə görə, Gürcüstandakı siyasi vəziyyət Avropa İttifaqının son Xarici İşlər Şurasının iclasında da müzakirə olunub. O əlavə edib ki, ölkədəki siyasi vəziyyət uzun müddətdir mürəkkəb olaraq qalır və məsələ gələcək müzakirələrdə də diqqət mərkəzində olacaq.