Giorgi Kaxiani: “Konstitusiya Məhkəməsində proses açıqdır və qərəzsizliyə zəmanət verir”
Bugün
36
Siyasət
A
Giorgi Kaxiani: “Konstitusiya Məhkəməsində proses açıqdır və qərəzsizliyə zəmanət verir”

Gürcüstan parlamentinin sədr müavini, parlament çoxluğunun üzvü Giorgi Kaxiani bildirib ki, konstitusiya prosesi ilə bağlı tənqidi bəyanatlar vermək düzgün deyil. Onun sözlərinə görə, Konstitusiya Məhkəməsində proses açıq keçirilir və cəmiyyət işə baxılmasının gedişini izləyə bilir.

Aktual.ge xəbər verir ki, Kaxiani ATƏT Parlament Assambleyasının vitse-prezidentinin hakimiyyəti iddianı geri götürməyə çağırması ilə bağlı jurnalistin sualını cavablandırarkən bu fikirləri səsləndirib.

Kaxianinin sözlərinə görə, prosesin açıq keçirilməsi onun qərəzsizliyinin təminatıdır.

“Bu, adi konstitusiya prosesidir. Gürcüstanda siyasi partiyaların konstitusiyaya uyğunluğu məsələsi ilə bağlı belə bir baxış keçirilməyib. Lakin bir çox ölkələrdə bu cür təcrübə mövcuddur. Avropa İnsan Hüquqları Məhkəməsinin də bu sahədə təcrübəsi və müvafiq qərarları var.

Konstitusiya prosesi ilə bağlı tənqidi bəyanatlar vermək, təbii ki, düzgün deyil. Proses açıqdır və cəmiyyət Konstitusiya Məhkəməsində işə necə baxıldığını görür. Buna görə də açıqlıq prosesin qərəzsiz olacağına zəmanət verir. Konstitusiyanın nəzərdə tutduğu və müəyyən etdiyi məsələlərlə bağlı hər hansı sual yaranmamalıdır”, – deyə Giorgi Kaxiani bildirib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi “Gürcü Arzusu”nun konstitusiya iddiasına baxır. İddiada “Milli Hərəkat”, “Dəyişikliklər Koalisiyası”, “Güclü Gürcüstan – Lelo”, “Federalistlər” və “Qaxariya – Gürcüstan naminə” partiyalarının fəaliyyətinin konstitusiyaya zidd elan edilməsi və qadağan olunması tələb edilir.

İddianın müzakirəsi bu gün başlayıb və üç gün davam edəcək. Konstitusiya Məhkəməsində işə baxılması bu gün saat 12:00-da davam etdiriləcək.

ŞƏRH YAZ
2