Azərbaycanın Baş nazir Əli Əsədov yaxın zamanlarda Heydər Əliyev adına Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinin yaxın zamanda başlanacağına umid etdiyini bildirib.
Aktual.ge xəbər verir ki, o, Siqnaxidə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxış edərkən mədəni-humanitar sahə hər zaman olduğu kimi əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qaldığını deyib.
Azərbaycan hökumətinin rəhbəri qeyd edib ki, iki ölkədə yaşayan azərbaycanlı və gürcü icmaları münasibətlərin inkişafında xüsusi rol oynayırlar:
"Onların ana dilində təhsil imkanlarının təmin olunması və müvafiq məktəblərin fəaliyyəti xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir".
Qeyd edək ki, Azərbaycanın Baş naziri Əli Əsədov 2023-cü il oktyabrın 27-də Gürcüstana səfəri çərçivəsində dövrün Baş naziri İrakli Qaribaşvili ilə birgə Tbilisinin Ortacala rayonunda, Qorqasali küçəsində Heydər Əliyev adına Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak etmişdi, lakin o vaxtdan bəri binanın tikintisinə başlanılmayıb.