“Lotereyalar, qumar və uduşlu oyunların təşkili haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər ikinci oxunuş zamanı düzəliş edilib.
Aktual.ge məlumat verir ki, dəyişikliklər kazinoların Gürcüstanda beynəlxalq qumar turnirləri təşkil etməsini nəzərdə tutur. Parlament qanun layihəsini sürətləndirilmiş qaydada müzakirə edir.
Qanun layihəsinin ikinci oxunuşda səsverməsindən əvvəl məruzəçi, Parlamentin İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekaşvili bildirib ki, komanda daxilində, eləcə də “Xalqın Gücü” və “Avropalı Sosialistlər”lə aparılan məsləhətləşmələr nəticəsində beynəlxalq turnirin keçirilməsi üçün iştirakçıların ümumi sayının ən azı 80 faizinin xarici ölkə vətəndaşları olması barədə qərar qəbul edilib. İlkin layihədə bu göstərici 70 faiz nəzərdə tutulmuşdu.
Parlament qanun layihəsini bu şərtlə ikinci oxunuşda qəbul edib. Səsvermənin nəticələrinə görə, 74 deputat lehinə, 9 deputat isə əleyhinə səs verib.
Qanun layihəsinə əsasən, beynəlxalq qumar turniri kazino tərəfindən təşkil olunan, mükafat fondu təşkilatçı tərəfindən əvvəlcədən təmin edilən və iştirakçıların ümumi sayının azı 80 faizini xarici ölkə vətəndaşlarının təşkil etdiyi turnir hesab olunur.
Layihəyə əsasən, təşkilatçı klub masasından yalnız beynəlxalq qumar turnirinin keçirilməsi üçün istifadə edərsə və turnirin mükafat fondu 3 milyon laridən çox olarsa, “Oyun biznesi üzrə rüsum haqqında” qanuna əsasən, klub masası üçün müəyyən edilmiş oyun biznesi rüsumunu ödəməyəcək.
Bununla yanaşı, təşkilatçı beynəlxalq qumar turnirinin keçirilməsindən gəlir əldə edə biləcək. Belə turnirlərin təşkili həm kazino fəaliyyəti üçün icazə verilmiş obyektlərdə, həm də həmin obyektlərdən kənarda mümkün olacaq.
Məlumat üçün bildirək ki, Parlament çoxluğu - "Gürcü Arzusu" beynəlxalq qumar turnirlərinin təşkilinə kazinolara imkan verəcək qanunvericilik paketini qanunverici orqana təqdim edib.
Qeyd edək ki, Gürcüstan Xalq Müdafiəçisi Aparatı kazinolara beynəlxalq qumar turnirləri keçirmək hüququnun verilməsinə qarşı çıxır və Parlamenti qanunvericilik düzəlişlərinin qəbulunu dayandırmağa çağırır, o cümlədən Gürcüstan Patriarxlığı müvafiq qanun layihəsini tənqid edir.