Paytaxt Tbilisidə Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə rəsmi tədbir keçirilib.
Aktual.ge xəbər verir ki, Türkiyənin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan bayram tədbirində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, Nazirlər Kabinetinin bir sıra üzvləri, Parlamentin deputatları, ictimaiyyət nümayəndələri, iş adamları, media mənsubları, eləcə də digər ölkələrin Gürcüstanda akkreditə olunmuş diplomatları iştirak ediblər.
Mərasim Türkiyə və Gürcüstan dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra 29 Oktyabr – Türkiyə Respublika Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik videosu yayımlanıb.
Tədbirdə çıxış edən Türkiyənin Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Mustafa Türker Arı Türkiyənin Gürcüstanın strateji tərəfdaşı olduğunu qeyd edib və ölkəsinin Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb.
Səfir çıxışında iki ölkə arasındaki münasibətlər, strateji tərəfdaşlıqdan danışıb.
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili isə çıxışında Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə təbriklərini çatdırıb və iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərindən danışıb.
O bildirib ki, “Türkiyə Gürcüstanın strateji tərəfdaşı, ən böyük ticarət tərəfdaşı və etibarlı qonşusudur”.
Mərasimin sonunda qonaqlara Türkiyə mətbəxinin seçmə təamları təqdim olunub.
Bundan əlavə, Türkiyənin Respublika günü münasibətilə Tbilisinin teleqülləsi Türkiyə bayrağının rəngləri ilə işıqlandırılıb.

