Dünya bazarında qızılın qiyməti ucuzlaşır, bir müddət əvvəl qiymətli metalın bir unsiyasının qiyməti 4 min dolları keçsə də, hazırda tendensiya əksinə dəyişib - qızıl həm beynəlxalq bazarda, həm də yerli bazarda cüzi də olsa ucuzlaşıb.
Aktual.ge xəbər verir ki, qızılın qiymətində azalma müşahidə olunmasına baxmayaraq, Gürcüstanda toy üzükləri, yəni “bajağlo” ucuzlaşmır.
Tbilisi “Qızıl birjası”ndan bildirilib ki, son dövrlər qiymətli metalın dəyəri azalsa da, bu, “bajağlo”nun qiymətinə təsir etmir.
“Onsuz da alırlar... Qızıl bahalaşsa da, ucuzlaşsa da, toy üzükləri, yəni 'bajağlo' yenə də bahalaşır. Bu elə bir şeydir ki, insanlar onu hər halda alacaqlar. Heç nədən imtina etməli olsalar belə, 'bajağlo' alacaqlar. Bura Gürcüstandır axı?!” – deyə qızıl satıcısı bildirib.
Onun sözlərinə görə, hazırda “Qızıl birjası”nda bir qram “bajağlo”nun qiyməti 360-370 lari arasında dəyişir.
Qeyd edək ki, 31 oktyabr bir unsiya qızılın qiyməti 3 875 dollar təşkil edib.
Gürcüstanda isə 999 əyarlı qızılın bir qramı 340 lari, 958 əyarlı qızıl 325 lari, 750 əyarlı qızıl 355 lari, 585 əyarlı qızıl isə 198 lari təşkil edir.