Dövlət Təhlükəsizlik Xidməti (DTX) casusluq ittihamı ilə bir nəfəri saxlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə DTX rəhbərinin müavini Laşa Mağradze keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxs iki xarici ölkənin xüsusi xidmət orqanları ilə əlaqəli olub.
Bildirilib ki, təqsirləndirilən şəxs qeyri-hökumət təşkilatlarından birinin təsisçisi və rəhbəridir.
“Dövlət Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyat Departamentinin əməkdaşları tərəfindən casusluq ittihamı ilə Gürcüstan vətəndaşı olan bir şəxs saxlanılıb. O, iki xarici dövlətin xüsusi xidmət orqanları ilə əlaqəli olub.
İstintaq nəticəsində müəyyən edilib ki, qeyri-hökumət təşkilatlarından birinin təsisçisi və rəhbəri olan həmin şəxs illər ərzində maddi qazanc əldə etmək və xarici dövlətlərin maraqlarını həyata keçirmək məqsədilə sistemli şəkildə xarici xüsusi xidmət orqanları üçün kəşfiyyat xarakterli məlumatlar toplayıb və ötürüb.
Saxlanılan şəxs xarici xüsusi xidmət orqanlarının nümayəndələri ilə yüksək səviyyədə təşkil olunmuş, konspirativ xarakter daşıyan müntəzəm əlaqələr saxlayıb. Məlumatların ötürülməsi həm üzbəüz görüşlər, həm də elektron vasitələrdən istifadə edilməklə həyata keçirilib. Bundan əlavə, məxfilik qaydalarına riayət olunması və təlimatlandırma məqsədilə görüşlər vaxtaşırı ölkə hüdudlarından kənarda keçirilib.
Casusluqda ittiham olunan şəxs xarici xüsusi xidmət orqanlarının tapşırığı və maliyyələşdirilməsi ilə müvafiq fəaliyyətləri həyata keçirmək üçün informasiya platformaları yaradıb və ölkə miqyasında müxtəlif tədbirlərin təşkilinə rəhbərlik edib.
Diqqətəlayiq haldır ki, təqsirləndirilən şəxs eyni vaxtda iki xarici dövlətin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib və paralel kəşfiyyat fəaliyyəti göstərib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinin 1-ci hissəsi ilə aparılır. Həmin maddə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - deyə Laşa Mağradze qeyd edib.