Hüquqmüdafiəçisi Samirə Bayramova bildirib ki, Marneuli merinə yeni təyin olunan müavin Teona Parjinai hazırda dekretdədir.
Aktual.ge xəbər verir ki, o, sosial şəbəkədə hesabında belə yazıb.
Samirə Bayramova yeni təyin edilən müavinin Marneuli Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqaninin yaxın qoxumu olduğunu qeyd edib.
"Hər kəs üçün sürpriz oldu ki, patriarxal cəmiyyətə malik olan Marneulidə qadın mer müavini təyin olundu. Ancaq bunun Marneuli sakinləri üçün hər hansı fövqəladə bir fərqi yoxdur. Marneuli meriyasının böyük əksəriyyətində təyinatlar nepotizm, yəni qohumluq faktoru ilə həyata keçirilir. Kimsə öz halal əməyi və səyi nəticəsində vəzifəyə gəlmir. Hazırda elə 'Sakrebulo' üzvləri də bir neçə klanın ümumi komandasıdır.
Yeni mer müavini Teona xanım Marneulinin keçmişini və indisini çox yaxşı bildiyi, heç zaman əməllərinə görə cəza almayan Riçard Qiqaninin yaxın qohumudur. Bu təcrübəni illər əvvəl Naveriani həyata keçirirdi, istənilən dövlət orqanına nəslini, hətta qab yuyanını da vəzifəyə gətirirdi. İndi eynisini Riçard Qiqani edir. Hətta onun psixoloji cəhətdən problemli bir neçə qohumu belə meriyada çalışır.
Mən qadın hüquqlarını qoruyuram və eyni zamanda qadınların da kişilər kimi bərabər şərtlər daxilində vəzifəyə gəlməsinin tərəfdarıyam. Amma bu şərtlər daxilində olmamalıdır. Kiminsə qohumu olduğuna görə hazır kölə kimi gəlib maaş alıb evdə oturmaq və şəkil çəkdirmək üçün vəzifəyə gətirilmək olmaz.
Bütün bunlar bir yana, dekretdə olan bir adam niyə vəzifəyə təyin olunsun? Buna ciddən normal beyin qərar verə bilməz. Deyək ki, Marneulidə bu beyin mövcud deyil. Bəs bu ölkənin güc strukturlarında analitika və beyin deyə bir şey yoxdur?
Niyə onlar korrupsiya və nepotizmə dəstək olurlar? Ümid edirəm, bu korrupsiya şəbəkəsində hər kəs bərabər paya sahib deyil! Həqiqətən gülünc və biabırçılıqdır. Digər sual isə təyinatın vaxtı ilə bağlıdır. Əgər şəxs analıq (dekret) məzuniyyətindədirsə, cəmiyyət haqlı olaraq soruşur: bu təyinatın zərurəti nə idi? Əgər vəzifənin icrası dərhal tələb olunursa, niyə aktiv şəkildə işləyə biləcək şəxs seçilmədi? Əgər vəzifə faktiki olaraq sonradan icra ediləcəksə, onda təyinatın məhz bu vaxt verilməsinin əsaslandırılması ictimaiyyətə izah edilməlidir. Problem analıq məzuniyyəti deyil, qərarın məntiqi və şəffaflığıdır" , - deyə hüquqmüdafiəçisi qeyd edib.
Onun sözlərinə görə, Daur İsmayılov mer müavini vəzifəsində azərbaycanlının olmasını istəməyib.
"Problemin mənbəyi meritokratiya prinsiplərinin pozulmasıdır. Hətta bildiyimə görə, Marneuli şəhər meri azərbaycanlının o vəzifəyə gəlməsinə kəskin şəkildə etiraz edib. Perspektivi olanlar qara siyahıya daxil edilib. Dəfələrlə Tbilisidə tələbə yoldaşlarına mer müavini vəzifəsi təklif edib. Belə təyinatlar ilk növbədə dövlət və ya təşkilat institutlarına olan etimadı zəiflədir. Digər peşəkar namizədlər bərabər imkanlardan məhrum olur, əməkdaşlarda motivasiya azalır və 'bacarıq deyil, əlaqələr həlledicidir' düşüncəsi formalaşır. Bu isə uzunmüddətli perspektivdə idarəetmənin keyfiyyətinə mənfi təsir göstərir" , - Samirə Bayramova yazıb.
Xatırladaq ki, dünən, 29 iyun tarixində Marneuli Meriyasına yaxınlığı ilə bilinən "Regionnews" (Keçmiş adı MarneuliTv) Marneuli Bələdiyyə Məclisinin deputatı Teona Parjinainin Manreuli mer müavini təyin olunduğunu bildirib.