Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) "qanuni oğrular" aləmi ilə əlaqədə olmaqda şübhəli bilinən 27 nəfəri saxlayıb, daha 6 nəfərə, o cümlədən xaricdə olan bir "qanuni oğru"ya qiyabi qaydada ittiham irəli sürüləcək.
Aktual.ge xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadze keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər xaricdə yaşayan "qanuni oğru" Mamuka Çxaberidzedən göstərişlər alır və onun tapşırıqlarına uyğun fəaliyyət göstərirdilər. Onlar mütəmadi olaraq bir-biri ilə əlaqə saxlayır, "kriminal razborkalar" təşkil edir və qərarları kriminal aləmin qaydalarına uyğun qəbul edirdilər.
"İstintaq zamanı həmçinin müəyyən olunub ki, şübhəlilər tərəflər arasında yaranan maliyyə mübahisələrinə baxır, mübahisə edən şəxslərdən birini digər tərəfin, eləcə də özlərinin xeyrinə pul ödəməyə məcbur edirdilər. Müəyyən olunmuş müddətlərə əməl edilmədiyi halda isə fiziki zorakılıq və ölümlə hədələyirdilər" , - deyə David Kinadze qeyd edib.
Onun sözlərinə görə, cari ilin 1 yanvar tarixindən bu günədək hüquq-mühafizə orqanları tərəfindən kriminal aləmlə əlaqədə olmaqda şübhəli bilinən ümumilikdə 343 nəfər saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 8-i "qanuni oğru" hesab olunur.
David Kiknadze bildirib ki, Daxili İşlər Nazirliyi mütəşəkkil cinayətkarlığa, o cümlədən kriminal aləmlə bağlı cinayətlərə qarşı mübarizəni fasiləsiz davam etdirir və bu istiqamət nazirliyin əsas prioritetlərindən biridir.
"Son 24 saat ərzində keçirilən genişmiqyaslı polis əməliyyatı nəticəsində Mərkəzi Kriminal Polis Departamenti və Gürcüstan Baş Prokurorluğu birlikdə kriminal aləmlə əlaqəli 27 nəfəri saxlayıb. Daha 6 nəfərə isə ittiham irəli sürüləcək. Onlardan bir qismi cəzaçəkmə müəssisəsində olduğu üçün orada, digərlərinə isə qiyabi qaydada ittiham elan ediləcək. İttiham olunanlar arasında xaricdə yaşayan bir 'qanuni oğru' da var.
Məhkəmənin qərarı əsasında aparılan gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər bütün göstərişləri Mamuka Çxaberidzedən alıblar və onun tapşırıqlarını yerinə yetiriblər.
Polis saxlanılan şəxslərin üzərində və yaşadıqları ünvanlarda aparılan axtarış zamanı kompüter avadanlıqları və mobil telefonlar götürüb. Məhz bu vasitələrlə onlar bir-biri və xaricdə olan 'qanuni oğru' ilə əlaqə saxlayırdılar. Bundan əlavə, müxtəlif növ odlu silahlar və döyüş sursatları da maddi sübut kimi müsadirə olunub.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 223¹, 223³, 223⁴ və 236-cı maddələri ilə aparılır. Bu maddələr üzrə təqsirli bilinən şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir", - deyə David Kiknadze bildirib.