Kərbəla yolunda Gürcüstan imzası: Soğanlıq Əhlibeyt Məscidinin qurduğu xeymə böyük maraq doğurur - VİDEO
Bugün
41
Din
A
Kərbəla yolunda Gürcüstan imzası: Soğanlıq Əhlibeyt Məscidinin qurduğu xeymə böyük maraq doğurur - VİDEO

Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsi sakinlərinin dəstəyi ilə İraqın Kərbəla şəhəri yaxınlığında qurulan ehsan stendi zəvvarların xüsusi diqqətini çəkir.

Nəcəf–Kərbəla yolunun 1053-cü sütunu yaxınlığında yerləşən, üzərində Gürcüstan və İraq dövlət bayraqlarının dalğalandığı “Gürcüstan Nurul Hüseyn” adlı məntəqə artıq dörd gündür ki, müqəddəs səfərə çıxan minlərlə insan üçün mühüm dayanacağa çevrilib.

Yerli könüllülərin əməyi ilə qurulan bu ocaqda ziyarətçilərə fasiləsiz xidmət göstərilir. Burada zəvvarlara yeməklə yanaşı, hazırda havanın temperaturunun 55 dərəcəyə çatdığı İraqda sərin və rahat istirahət imkanı da yaradılıb.

Yorğun zəvvarların ehtiyaclarını qarşılamaq üçün məntəqədə hər cür şərait nəzərdə tutulub.

Stenddə zəvvarların hərəkət intensivliyinə uyğun olaraq səhər saatlarında səhər yeməyi, axşam isə Azərbaycan mətbəxinin ənənəvi təamları, o cümlədən kabab, müxtəlif növ fastfudlar, qril yeməkləri, sərin qazlı içkilər və ayran təqdim olunur.

Soğanlıq Əhlibeyt (ə) Məscidinin axundu Hacı Rahid Kərimov Aktual.ge-yə müsahibəsində bildirib ki, onlar artıq dörd ildir eyni ərazidə “Ərbəin” ziyarətçilərinə xidmət göstərirlər.

Din xadiminin sözlərinə görə, məntəqədə gün ərzində təxminən 1000 zəvvara xidmət göstərilir.

Qeyd edək ki, avqustun 4-dək davam edəcək Ərbəin mərasimlərində iştirak etmək üçün bu il Gürcüstandan ümumilikdə təxminən 1000 nəfər İraqa səfər edib. İraq qumları üzərində qurulan bu kiçik, lakin fəaliyyəti böyük olan ocaq milyonlarla insanın qədəm qoyduğu yolda gürcüstanlıların həmrəyliyinin və qardaşlığının əyani nümunəsinə çevrilməklə yanaşı, insanlıq və xeyirxahlığın da rəmzi kimi diqqət çəkir.

Daha ətraflı video süjeti təqdim edirik:

ŞƏRH YAZ
0