Marneulidə texniki baxış qalmaqalı: “Tex-2017” MMC kimin şirkətidir?
10.08.2026 22:53
2231
Siyasət
A
Marneulidə texniki baxış qalmaqalı: “Tex-2017” MMC kimin şirkətidir?

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları Marneulidə yerləşən “Tex-2017” MMC-nin texniki baxış mərkəzinin əməkdaşının vasitəçiliyi ilə texniki cəhətdən nasaz avtomobillərə qanunsuz olaraq müsbət texniki baxış sənədləri rəsmiləşdirən 3 nəfəri saxlayıb.

Aktual.ge-nin verdiyi xəbərə görə, DTX sözügedən hadisə ilə bağlı avqustun 6-da məlumat yayıb.

Apardığımız araşdırma nəticəsində məlum olub ki, “Tex-2017” MMC-nin Marneulidə yerləşən texniki baxış mərkəzi Marneuli Bələdiyyə Məclisinin sədr müavini Vasil Xaxulaşvilinin atası Baqrat Xaxulaşviliyə məxsusdur.

Dövlət Reyestrinin ictimaiyyət üçün açıq məlumatlarına əsasən, “Tex-2017” MMC-nin 100 faizlik sahibi Baqrat Xaxulaşvilidir.

Məlumat üçün bildirək ki, 6 avqust tarixində DTX-nin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən aparılmış istintaq hərəkətləri və operativ tədbirlər nəticəsində kommersiya rüşvəti alma, saxta rəsmi sənəd hazırlama, qrup halında kommersiya rüşvəti almağa və saxta rəsmi sənəd hazırlamağa köməklik etmə faktları üzrə Gürcüstanın 3 nəfər vətəndaşı saxlanılıb.

Qurumun məlumatında deyilir:

"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Marneulidə yerləşən texniki baxış mərkəzi – “Tex-2017” MMC-nin əməkdaşının vasitəçiliyi ilə qanunsuz maddi gəlir əldə etmək məqsədilə Gürcüstan vətəndaşlarının istifadəsində olan, texniki cəhətdən nasaz avtomobillərə sistematik şəkildə müsbət nəticə ilə dövri texniki baxış sənədləri rəsmiləşdiriblər. Halbuki həmin nəqliyyat vasitələri qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermirmiş.

Saxlanılan şəxslər hesabatlarda qəsdən həqiqətə uyğun olmayan məlumatlar göstəriblər və nəticədə texniki cəhətdən nasaz avtomobillər üçün müsbət texniki baxış rəyləri verilib. Bu qanunsuz əməllərin müqabilində təqsirləndirilən şəxslər vətəndaşlardan mütəmadi olaraq pul alıblar".

ŞƏRH YAZ
7