Gürcüstanın keçmiş baş prokuroru Otar Romanov-Parsxaladze Rusiyada Ukraynaya qarşı müharibədə iştirak üçün “Georgiyevski” adlı beynəlxalq könüllü bölmə yaradıb.
Aktual.ge xəbər verir ki, bu barədə “Sova” məlumat yayıb.
Bölmənin komandiri Romanov-Parsxaladzenin özüdür.
“Xalqlarımızın və ölkələrimizin birləşməsinin, eləcə də ənənəvi ailə dəyərlərinin müdafiəsinin tərəfdarı olan həmfikirlərimiz və tərəfdarlarımız tərəfindən 'Georgiyevski' beynəlxalq bölməsi yaradılıb”, - o qeyd edib.
Gürcüstanın sabiq rəsmisinin sözlərinə görə, bölmənin adı 1783-cü ildə imzalanmış Georgiyevsk traktatı ilə bağlıdır.
Otar Parsxaladze bu sənədin gürcü xalqının tarixində böyük rol oynadığını iddia edib.
Dediyinə görə, Rusiya tərəfində müharibədə iştirak etmək qərarını könüllü şəkildə qəbul edib: “Əməliyyatlarının başlanmasından etibarən komandamla ilə birlikdə Rusiya hərbçilərinə fəal şəkildə yardım göstərirəm”.
Qeyd edək ki, Romanov-Parsxaladze Rusiya pasportu aldığı üçün Gürcüstan vətəndaşlığını itirib. Gürcüstan hakimiyyəti bildirib ki, bu, onun ölkəyə ekstradisiyası prosesini çətinləşdirir.