Fransa, Almaniya və Niderland da daxil olmaqla Avropanın aparıcı Mərkəzi bankları Nyu-Yorkdakı Federal Ehtiyat Sisteminin anbarlarından öz qızıl ehtiyatlarını geri çəkməyə başlayıblar. Bu, ABŞ-nin 2022-ci ildə Rusiya ehtiyatlarına qarşı hərəkətlərindən sonra aktivləri dondura biləcəyi ilə bağlı narahatlıqlardan irəli gəlir.
Aktual.ge xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" nəşri məlumat yayıb.
Professor Luis Qarvia qeyd edib ki, qızılın İspaniyaya qaytarılması millətçi bir addım deyil, əksinə, Avropa İttifaqının strateji muxtariyyətinin bir elementi olacaq.
Nəşrin məlumatına əsasən, İspaniyanın 281 ton qızıl ehtiyatı var və onun bir qismi London, Bazel və Nyu-Yorkda saxlanılır. Lakin ABŞ-dəki ehtiyatların dəqiq həcmi açıqlanmır.
Analitik Migel Anxel Rodriges ehtiyatlara qarşı embarqonun tətbiq olunma ehtimalının az olduğunu bildirsə də, belə bir halın bazarlar üçün ciddi xəbərdarlıq siqnalı olacağını qeyd edib. Bundan əvvəl Hindistan və Venesuela da öz aktivlərini geri qaytarmağa cəhd göstərmişdilər, lakin London Karakasa qızılını verməkdən imtina etmişdi. İnkişaf etməkdə olan ölkələrin qızıl alışı fonunda qiymətli metalların geri çəkilməsi tendensiyası daha da sürətlənir.