"İqtisadi artım bizə valyuta ehtiyatlarını artırmaq imkanı verir və ötən ay valyuta ehtiyatları rekord həddə çatıb. Tarixdə ilk dəfə 8 milyard ABŞ dollarını ötüb və valyuta ehtiyatları 8,14 milyard ABŞ dolları təşkil edib".
Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, ölkənin valyuta ehtiyatları əvvəlki illə müqayisədə 56,4 faiz artıb, əvvəlki ayla müqayisədə isə 613 milyon ABŞ dolları həcmində yüksəlib.
“Eyni zamanda, Beynəlxalq Valyuta Fondunun ölçdüyü və onun metodologiyası ilə müəyyənləşdirilən ehtiyatların adekvatlıq göstəriciləri də yaxşılaşıb. Biz 100 faizlik adekvatlıq həddini aşmışıq və bu göstərici 128,2 faiz təşkil edir. Bu da onu göstərir ki, bu sahədə çox yaxşı göstəricilərimiz və siyasətimiz var.
İki il tamam olmamış, 2024-cü ilin oktyabrı ilə müqayisədə ehtiyatların həcmi iki dəfə artıb. 2026-cı il ərzində valyuta bazarındakı əlverişli şəraitdən irəli gələrək Milli Bank ehtiyatların artırılmasını həyata keçirir və yanvar-iyul aylarında ümumilikdə xalis alışların həcmi 2,5 milyard dollardan çox olub. Əlbəttə, buna görə Milli Banka xüsusi təşəkkür düşür”, - deyə Baş nazir qeyd edib.
İrakli Kobaxidzenin sözlərinə görə, ehtiyatların diversifikasiyası istiqamətində də mühüm addımlar atılıb.
“Bu baxımdan, Milli Bank 2024-cü ildə strateji qərar qəbul etdi və qızıla ilk investisiyasını həyata keçirdi. O vaxtdan etibarən beynəlxalq bazarlarda qızılın qiyməti əhəmiyyətli dərəcədə artıb və bunun nəticəsində ümumi ehtiyatlarımızın həcmi də yüksəlib.
Ümumilikdə, cari ildə də Milli Bank 100 milyon ABŞ dolları dəyərində monetar qızıl alıb. Qızılın ümumi ehtiyatlarımızdakı payı 14 faizdən çoxdur. Effektiv fəaliyyətinə görə Milli Banka bir daha təşəkkür edirəm”, - deyə hökumət başçısı qeyd edib.