Avropa İttifaqı (Aİ) Gürcüstanda vətəndaş cəmiyyəti təşkilatlarına qarşı məhkəmə sistemindən siyasi motivlərlə istifadə olunmasından və repressiv tədbirlərin tətbiq edilməsindən dərin narahatlıq keçirir.
Aktual.ge xəbər verir ki, bu barədə BMT-də Aİ-nin daimi nümayəndəsinin müavini Mişel Servone d’Urs BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Aİ Gürcüstanın fundamental azadlıqları qorumaq öhdəliyini bir daha xatırladır və insan hüquqları üzrə beynəlxalq standartları zəiflədən son dövrlərdə qəbul edilmiş qanunvericiliyin ləğv edilməsinə və ya əsaslı şəkildə yenidən nəzərdən keçirilməsinə çağırır.
“Avropa İttifaqı vətəndaş cəmiyyəti təşkilatlarına qarşı məhkəmə sistemindən siyasi motivlərlə istifadə olunmasından və müxalifət nümayəndələrini, hüquq müdafiəçilərini və müstəqil medianı hədəf alan repressiv tədbirlərin görülməsindən dərin narahatlıq keçirir.
Avropa İttifaqı qanunsuz həbsləri və artan repressiyaları, o cümlədən müxalifət liderlərinin, müstəqil jurnalistlərin, media əməkdaşlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin həbs edilməsini qətiyyətlə pisləyir.
Avropa İttifaqı Gürcüstanın bu məsələləri həll etməsinin, siyasətini beynəlxalq standartlara uyğunlaşdırmasının və demokratik institutlarına olan etimadın bərpası üçün konstruktiv dialoqa qoşulmasının zəruriliyini vurğulayır”, - deyə Aİ nümayəndəsi qeyd edib.