“Ölkəmizin ərazisinin 20 faizi hələ də Rusiya Federasiyası tərəfindən işğal olunub, yüz minlərlə vətəndaşımız isə hələ də məcburi köçkün vəziyyətindədir və öz evlərinə qayıda bilmir. Bu ilki sessiyanın əsas mövzularından biri etimadın bərpasıdır və məhz bu fonda mən abxaz və osetin bacı-qardaşlarımıza müraciət etmək istəyirəm”.
Aktual.ge xəbər veirr ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının ümumi debatlarında çıxışı zamanı bildirib.
Hökumət başçısının sözlərinə görə, sülh yolu ilə əldə olunan nailiyyətlər və Gürcüstanın iqtisadi inkişafı süni şəkildə çəkilmiş bölücü xətlər səbəbindən əngəllənməməlidir.
İrakli Kobaxidze qeyd edib ki, işğal olunmuş tarixi bölgələrdə yaşayan insanlar da bu nailiyyətlərdən yararlana bilməlidirlər.
“Əsrlər boyu bizim bir vətənimiz olub və bizi ortaq tarix birləşdirib. Bu gün çəkilmiş bölücü xətlər nə bu tarixi silə, nə də övladlarımızın gələcəyini müəyyən edə bilər. İnanırıq ki, sülh yolu ilə əldə olunan nailiyyətlər və Gürcüstanın iqtisadi inkişafı süni şəkildə çəkilmiş bölücü xətlər səbəbindən əngəllənməməlidir. Bu nailiyyətlərdən işğal olunmuş tarixi bölgələrimizdə yaşayan insanlar da yararlana bilməlidirlər, onlar bizim ortaq gələcəyimizin ayrılmaz hissəsi olublar və həmişə də belə olacaqlar”, – deyə Baş nazir vurğulayıb.